Sorğu Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə bu il fevralın 1-dən mayın 1-dək “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin gerçəkləşdirdiyi “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” layihəsi çərçivəsində aparılıb. Layihə rəhbəri Fərman Nəbiyevin sözlərinə görə, layihədə məqsəd Böyük qayıdış ərəfəsində məcburi köçkünləri maraqlandıran məsələlərin ictimai müzakirəsini təşkil etmək, onların rəy və təkliflərini öyrənib müvafiq qurumlara çatdırmaq olub. Layihəyə Mingəçevir Dövlət Universitetinin media qrupu dəstək verib, qrup üzvləri qısa müddətdə 20 məntəqədə 112 məcburi köçkün arasında sorğu aparıb, eyni zamanda, onların dialoq görüşlərində fəal iştirakına kömək göstəriblər.
Sorğu məcburi köçkünlərin mövcud sosial vəziyyəti, məşğulluğu və bu məsələnin qayıdışdan sonrakı perspektivləri barədə fikirlərini də əhatə edib.
Dialoq görüşləri açıq, səmimi söhbət şəraitində keçib, məcburi köçkünlər qarşılaşdıqları problemlər barədə danışıb, eyni zamanda, doğma yurdlarına qayıtmağa hazır olduqlarını bildiriblər. Xüsusən, hələ də ağır şəraitdə yaşayan insanlar qayıdışın tezliklə başlanmasını arzulayıblar. Onlar dövlət tərəfindən yeni mənzillərə köçürülən bəzi ailələrin həmin mənzilləri boş saxlamalarından narazılıqlarını da ifadə ediblər. Dialoq görüşünün iştirakçıları təklif ediblər ki, ictimaiyyət nümayəndələrinin, xüsusən mətbuat işçilərinin iştirakı ilə köçkün mənzillərinə baxış keçirilsin, hansının dolu və boş olduğu müəyyənləşdirilsin. Eyni zamanda qayıdışa qədər daha çox ehtiyacı olan insanlara həmin boş mənzillərdən verilməsi prosesi də ictimai nəzarət altında aparılsın.
Məcburi köçkünlərin əksəriyyəti diqqəti qayıdışın mənəvi tərəfinə yönəldiblər. Belələrinin fikrincə, şəhidlərimizin qanı bahasına azad olunan torpaqlara kiminsə qayıtmamağa haqqı çatmır. Hətta təklif olunub ki, hökumət doğma yurda qayıtmağa hazır olan ailələrə öz evlərini bərpa etmək üçün kompensasiya verərsə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma daha da tezləşə bilər.
Məcburi köçkünlərin fikrincə, Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrə maldarlıq, arıçılıq və əkinçiliklə məşğul olmaq üçün şərait yaradılsa, bundan həmin adamlar, eyni zamanda, dövlət qazanar. Dövlət özünüməşğulluq və digər proqramlar çərçivəsində mövcud insanlara özəl bizneslərini qurmaq imkanı yarada bilər. Belə fikir səslənib ki, özünüməşğulluq proqramının tələbləri bir qədər yumşaldılmalıdır.
Büdcə təşkilatlarında, xüsusən təhsil və digər sektorlarda çalışanları bir məsələ narahat edir: köçkünlər rayonuna, kəndinə qayıdanda onların hamısını indiki işləri ilə təmin etmək mümkün olacaqmı? İndidən planlaşdırılmalıdır ki, hansı kəndə, rayona nə qədər kadr lazımdır. Yəni hökumət bilməlidir ki, harda hansı iş yerlərini yaradacaq, qayıdışdan sonra kim nə işlə məşğul olacaq. Qayıdışa qədər Dövlət Məşğulluq Xidməti köçkünlərə hansı peşələri öyrədə bilər?
Məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərdə tam infrastrukturun qurulacağına, dövlət tərəfindən təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyinə inanırlar.
Layihə çərçivəsində “Sülh göyərçini” (https://youtu.be/eZl9Q5u8PNE), “Biz qayıdırıq” (https://youtu.be/VeF20j7o8uc), “Dönüş nöqtəsi” (https://youtu.be/ iwg3L5ZOvOo) adlı sənədli film-reportajları hazırlanıb. Müxtəlif KİV-lər (“Vətən səsi”, “Mingəçevir işıqları”, “Azərbaycan Bələdiyyəsi” qəzetləri, “Kanal32” və “Media1” informasiya agentlikləri, regional ELTV kanalı layihə barədə məlumatlandırma aparıblar.