Zakir Bağırov Moskva Aviasiya İnstitutunda təhsil alan ilk azərbaycanlı gənclərdən biri olub. Lakin ayağından aldığı zədə ona karyerasını pilot kimi davam etdirməyə imkan verməyib. O, Moskvadan Bakıya qayıtdıqdan sonra səhhəti ilə bağlı uzun müddət müalicə alıb. Təhsilini yenidən davam etdirmək qərarına gələn Z.Bağırov Azərbaycan Dövlət Universitetinə daxil olub. 1953-cü ildə ali məktəbi əla qiymətlərlə bitirib və fəlsəfə kafedrasında saxlanılıb. Pedaqoji fəaliyyətlə yanaşı, elmə olan marağı onu o vaxtkı SSRİ EA-nın Fəlsəfə İnstitutunun aspiranturasına aparıb. Zakir Bağırov təhsilini başa vurub yenidən Azərbaycana qayıdıb və Elmlər Akademiyasında fəlsəfə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 42 yaşında mədəniyyət naziri vəzifəsinə təyin edilib.
Zakir Bağırovun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Bakı Xoreoqrafiya məktəbi tikilib. Bir sıra mədəniyyət ocaqları təmir edilib, yeni orkestr yaradılıb. Gözəl memarlıq binasında yerləşən Mahnı Teatrı təşkil olunub. Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Cəfər Cabbarlının ev-muzeyləri məhz onun nazir olduğu dövrdə açılıb. Azərbaycan sirk kollektivi də Zakir Bağırovun təşəbbüsü ilə yaradılıb. Onu yaxından tanıyanlar səmimi və həssas ziyalı olduğundan söz açırlar.
Məşhur Bağırovlar nəslinin görkəmli nümayəndəsi Zakir Bağırov 1989-cu il martın 31-də Bakıda vəfat edib.
Hazırladı: Mina RƏŞİD