Azərbaycan Silahlı Qüvvələrin əsgəri, Vətən müharibəsinin şəhidi Xəzər Azad oğlu Bayramov 1997-ci il noyabrın 14-də Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Ağcabədi rayonu Qaravəlli kənd tam orta məktəbində təhsil almışdır. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Tank heyətində xidmət edirdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində tuşlayıcı olaraq xidmət etmişdir. Döyüşə Füzulidən başlayan qəhrəmanımız bir çox uğurlu əməliyyatlarda fəal iştirak edib. Keçilməz sədləri, aşınmaz səngərləri keçərək düşmənin canlı qüvvəsinin və sulah-sursatının məhv edilməsində böyük şücaətlər göstərib.
Xəzər və Niyaz qardaşdılar. Xəzərin atası Azad qardaşı Knyasın övaladı olmadığına görə iki oğlundan biri, Niyazı ona övladlığa verir. Amma bundan qardaşşların xəbəri olmur. Onlar əmi uşağı kimi böyüyürlər. Vətənpərvər böyüyən qardaşların arzusu torpaqlarımızı, Qarabağımızı yağı düşməndən təmizləmək olub. Vətən müharibəsi isə onlara bu şansı verdiyindən hər iki qardaş döyüşə yollanıb, ayrı-ayrı cəbhələrdə döyüşüblər. Niyaz Bayramov əsgər kimi qatıldığı savaşda-oktyabrın 19-da Qubadlı rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb və bir ayağının birini itirib. Biri şəhid, digəri isə qazi kimi dönüb doğma yurdları Qaravəlli kəndinə...
Xəzər şəhid olandan sonra Niyaza hər şeyi danışıblar. Niyaz yenə ona ata əvəzi olan əmisigillə yaşayır. Amma əsl valideynlərini isə tək buraxmır. Onlara tez-tez baş çəkir. İndi o, iki evin tək oğul övladıdır.
Xəzər Bayramov oktyabrın 3-də Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ağcabədi rayonunun Qaravəlli kənd qəbiristanlığında böyük izdihamla əbədi məskəninə yola salınıb.
O, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ