23.02.2026, 11:22
AZ EN
23.02.2026, 09:24 47

Milli Qəhrəmanın xatirəsi yad edilib

XƏBƏRLƏR
  • “Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin Sabunçu rayon filialı şəhid Milli Qəhrəman İnqilab İsmayılovun anım mərasimini keçirib. Tədbir Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksindəki mənzil-istismar sahəsinin akt zalında təşkil edilib.

Tədbirdə filialın sədri Lütfiyyə Baxşəliyeva şəhidin ömür və döyüş yolu haqqında məlumat verib.

24 fevral 1962-ci ildə Xocalıda anadan olmuş İnqilab Ələkbər oğlu İsmayılov doğma yurdunun ağır günlərində daxili işlər orqanlarında xidmətə başlayıb, 1992-ci il fevralın 26-da ermənilərin törətdiyi Xocalı soyqırımı zamanı sağ qalıb, camaatın bir hissəsini düşmən mühasirəsindən çıxarılmasında fədakarlıq göstərib. Bundan sonra o, Ağdam Rayon Polis Şöbəsinin post-patrul alayında xidmətini davam etdirib, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə igidliklər göstərib. İ.İsmayılov 1992-ci il iyunun 12-də Ağdamda Daşbaşı yüksəkliyi uğrunda döyüşdə şəhid olub.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakının Xətai rayonundakı küçələrdən biri onun adını daşıyır. Həmin küçədə xatirə lövhəsi vurulub, yaşadığı binanın qarşısında qəhrəmanın adını daşıyan park salınıb.

…Tədbirdə qəhrəmanın döyüş yoldaşları onun haqqında xatirələrini danışıb, göstərdiyi şücaətin gənc nəsil üçün örnək olduğunu bildiriblər.

İctimai Birliyin sədri Əbil Zeynalov məhz İnqilab kimi qəhrəmanların davamçısı olan Azərbaycan övladlarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarmızı işğaldan azad etdiklərini, Qarabağda erməni separatizminin kökünün kəsildiyini qeyd edib. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərdikləri vurğulanıb.

İ.İsmayılovun ailə üzvləri onun xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına minnətdarlıq bildiriblər.

Oxşar xəbərlər