Vətən müharibəsi başlayanda Akif həkim özünə yer tapmır, cəbhəyə can atırdı. Nəhayət sentyabrın 29-da o, arzusuna çatıb. Füzuli Müalicə Diaqnostika Mərkəzinə gəlib və müharibənin sonuna qədər yaralı əsgərlərimizn ilkin tibbi yardım və təxliyəsi ilə məşğul olub. Onun bir həkim kimi cəbhədə müstəsna xidmətləri var.
Baku TV-nın qonağı olan həkim müharibədə yaralılardan, başına gələnlərdən danışıb. O, deyir ki, cəbhəyə gedəndə FB səhifəsində ailəsi ilə sağollaşıb. Yazıb ki, haqqınızı halal edin, biz getdik, inşallah sağ-salamat xoş xəbərlə qayıdacağıq. Ancaq bu xəbəri atasından gizlədib. Artıq Füzuliyə gələn həkim necə olubsa telefonunu itirib. Sonra kimsə onun telefonunu tapıb və təsadüfən atasına zəng edib. Atası oğlunun telefonundan başqa səsi eşidəndə dəhşətə gəlib. Axı oğlunun telefonu Füzuliyə necə gedib çıxıb, deyə düşünüb. Bu zəngdən sonra onu axtarmağa başlayıblar. Ailəsində hətta onun şəhid olduğunu düşünərək həyəcanlı anlar da yaşanıb... Sonra o, atasıyla danışıb. Ancaq anasıyla danışa bilməyib, çünki o oğlunun səsinə göz yaşlarıyla, hönkürtü ilə cavab verib. Akif həkim bundan sonra da cəbhədə xidmət etdiyini valideynlərinə bildirməyib. Deyib ki, güya bura yaralı aparmağa gəlibmiş...
Həkim danışır ki, bir dəfə onların maşını gündüz saat 3-də dumana düşüb, onlar yaralını götürüb qayıdanda yolu azıb düşmən istiqamətinə üz tutublar. Yaxşı ki, vaxtında duyuq düşüblər.
Vətənin cəngavər oğulları
Həkim deyir ki, adi iynədən qorxan oğullar qəlpədən, güllədən qorxmurdular. Onlar o qədər dözümlü, o qədər mərd, cəsarətli idilər ki, adam mat qalırdı. Müharibənin ilk günlərində yaralıları ancaq gecə saatlarında gətirmək mümkün olurdu. Bu proses gecə saat 2-3-ə qədər çəkirdi. “Bir yaralı vardı, güllə boğazını yarıb ağzından çıxmışdı. Həmin gülləni də öz əlində gətirmişdi. Bəziləri iynədən qorxurdu, amma ayağından qəlpəni çıxaranda səsi də çıxmırdı. Naxçıvan XTQ-dən Qubadlıda minaya düşmüş bir yaralı döyüşçü qışqırırdı ki, məni buraxın vuruşmağa gedim. Dedik ki, ayaq üstündə dura bilmirsən. Dedi, ki, bizə ayaq lazım deyil, orada onsuz da sürünürük. Biz əsl dostluğu, kişiliyi, mərdliyi orada gördük. Qeyrətli insanları bir yerdə cəbhədə gördük”.
O anları xatırlamaq da çətindir…
Akif həkim deyir ki, müharibə rus dövründə çəkilmiş filmlər deyildi. O travmaları mən hələ də atmamışam. Ondan sonrakı travmalar… Boynubükük şəhid anaları, ataları, balaları. Bir-bir şəkillərə baxırdıq ki, onları tanıyaq. Deməli, bir şəhidimiz axtardığımız ilk gündə səngərə düşüb. Düz bir ay mən o şəhidi axtardım. Nəhayət 18 noyabrda təhvil verdik. Bütün şəhidlərə baxırdım, elə bil yatıblar, bu dəqiqə duracaqlar, eləsi var yarası görünmürdü... Elə valideyn olurdu ki, inanmaq istəmirdi, deyirdi, bu mənim övladım deyil... O anları xatırlamaq da dəhşətdi… Ana vardı ki, oğlu 3 gün idi şəhid olmuşdu. Deyirdi mən onunla dünən danışdım… Bəlkə onlar indi də inanmırlar ki, övladları şəhid olub. Ambulans səssis gəlirdisə bilirdik ki, şəhid gəlir.
“Bizi arada evə buraxmışdılar. Müharibədən qayıdanda mən ilk günlər gecə saat 2-də yerimdən durub qaçırdım, elə bilirdim yaralılar gəldi.. Onda bildim ki, mən getməliyəm və müharibənin sonuna qədər də cəbhədə oldum. Müharibədə sadiq dostum sürücüm Adil Baxşəliyevə təşəkkür edirəm. O, müharibədən 2 ay sonra təqaüdə çıxdı. Bu yaşda o, heç vaxt məni tək qoymadı. Əlindən gələni edirdi, yaralı da, bəzən şəhid də gətirirdi”.
Bəli, Vətən müharibəsində qazandığımız böyük Zəfərdə qəhrəman həkimlərimizin də, böyük haqqı var. Onlardan biri də, böyük ürək sahibi, vətənpərvər insan, gözəl həkim Akif Mirseyiddir.
Hazırladı: Mina RƏŞİD