Bu gün Şanlı Vətən Müharibəsi qəhrəmanlarından biri - Zaman Habil oğlu Məmmədovun doğum günüdür. O, 1995-ci ilin avqust ayının 3-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 2002-ci ildə Şahtaxtı kənd tam orta məktəbinə getmiş, 2013-cü ildə həmin məktəbi bitirmişdir. 2014-cü ildə Milli ordu sıralarına çağırılmışdır. Xidməti dövründə çavuş rütbəsini qazanan Zaman 2015-ci ildə ordudan tərxis olunub. O, 2016-cı ildə yenidən ordu sıralarına qayıdıb. Xüsusi təyinatlı qüvvələrdə xidmət edib. Xidməti dövründə hərbi təlimlərdə göstərdiyi şücaətinə görə hərbçimiz qardaş Türkiyəyə təlimlərə göndərilib. Zaman hərbi təlimləri uğurla başa vuraraq fəxri fərman və diplomlarla Vətənə qayıdıb.
Zamanın ilk qələbəsi Günnüt Zəfəri idi. Xidmət göstərdiyi 4 il ərzində komandanlıq tərəfindən dəfələrlə diplom və fəxri fərmanlara layiq görülüb. O, qatıldığı beynəlxalq yarışlarda komandiri şəhid polkovnik-leytenant Anar Əliyevlə Naxçıvanın, Əlahiddə Ümumqoşun Ordunun adını yüksəklərə ucaldanlardan biridir. Zaman çətin təlimlərdən üzüağ çıxmağı bacarıb.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Naxçıvandan yollanan ilk xüsusi təyinatlı qüvvələrin dəstəsində Zaman da döyüşlərə qatılıb. Bir çox uğurlu əməliyyatlarda iştirak edib. Füzulidən Şuşaya qədər döyüş yolu keçib. Döyüş yoldaşlarının dediyinə görə, ayağından yaralanmağına baxmayaraq döyüşu davam etdirib.
İgid döyüşçü Zaman Məmmədov 2020-ci il oktyabrın 28-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Şahtaxtı kəndində böyük izdihamla son mənzilə yola salınıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zaman Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, " Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Zaman əhd etmişdi ki, Şuşaya üçrəngli bayrağı özü sancacaq. Elə ona görə də, Şuşa uğrunda qızğın döyüşlərdə yoldaşlarını xilas edərkən ayağından yaralansa da geri çəkilməmişdi...
Atası Habil Məmmədov deyir ki, bütün şəhid ata və analarına sözüm odur ki, övladları ilə fəxr eləsinlər. Çünki bu qəhrəmanlar otuz il işğalda qalan torpaqlarımızı azad etdilər, Azərbaycana Zəfər qazandırdılar. Siz belə gözəl övladlar yetişdirmisiniz: “Mən kövrələndə oğlumun döyüş yoldaşları deyirlər ki, ağlama. Çünki sən qəhrəman bir oğulun atasısan. Zaman məzuniyyətə gələndə Bakıya getdi və oradan da gedib Mübarizin qəbrini ziyarət elədi. O, belə bir vətənpərvər övlad idi”.
Cənnətdəki doğum günün mübarək, məqamı uca Şəhidim, məzarın nurla dolsun!
Mina RƏŞİD