Tərtər rayonunun Azadqaraqoyunlu kənd orta məktəbini bitirib. 1958–1963-cü illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız dili fakültəsində təhsil alıb. 1968-ci ildə Azərbaycan SSR EA-nın Ədəbiyyat və Dilçilik İnstitutunda "Azərbaycan satirik şerinin inkişaf yolları" mövzusunda namizədlik, 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunda "Azərbaycan-Fransa ədəbi əlaqələri (Azərbaycan ədəbiyyatının tarixi inkişafı kontekstində)" mövsusunda doktorluq dissertasiyası müdafiə edib.
Professor R. Ə. İsmayılov 1975–2011-ci illərdə Azərbaycan Texniki Universitetinin "Xarici dillər" kafedrasının müdiri olub. Onun müxtəlif səpkili əsərləri xarici ölkələrdə çap olunub. Bir sıra fundamental dərslikləri, o cümlədən kitabları Moskva şəhərində "Высшая школа" nəşriyyatı tərəfindən çap edilib, keçmiş SSRİ və MDB ölkələrinin ali texniki məktəblərinin tələbələri üçün dərs vəsaiti kimi tövsiyə olunub. Onun elmi rəhbərliyi altında 10-dək namizədlik və doktorluq dissertasiyası müdafiə edilib. O, beynəlxalq konfransların iştirakçısı olub. Professor R. Ə. İsmayılov XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı (1990–1995) seçilib. 1991-ci il noyabrın 26-da təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasına qəbul edilib. 1992-ci ildə müstəqil Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının birinci sədri, 1992–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin Elm, təhsil, din və mədəniyyət məsələləri daimi komissiyasının sədri vəzifələrində çalışıb.
Əməkdar elm xadimi Rauf İsmayılov 2019-cu il oktyabrın 2-də Bakıda vəfat edib.
Hazırladı: Mina RƏŞİD