Qəhrəmanlıq insanın qanında olur. Uşaq yaşlarından özünü büruzə verən bu xüsusiyyət illər ötdükcə daha da cilalanır, həyata, torpağa bağlı olur. Belə igid övladlarımızdan biri də Əşrəfli Ülvi Ələsgər oğludur. O, 1996-cı ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. 2004-cü ildə Beyləqan rayonunda yerləşən Füzuli rayon tam orta məktəbinə qəbul olunub. Hələ orta məktəb illərindən bir əsgər kimi torpaqlarımızın azad olunması uğrunda döyüşməyi arzulayıb. 2016-cı ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Arzularını gerçəkləşdirmək üçün 2018-ci ildə müddətdən artıq xidmət üçün ərizə yazıb və əlavə xidmətə başlayıb. Nəhayət, gözlədiyi gün gəlib, çatıb. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində döyüşə başlayıb. Ülvi deyir ki, hamı bir nəfər kimi düşməni məhv etmək üçün ölümün belə üstünə gedirdi. Məhz bu birliyə, bu gücə qarşı dayana bilməyən düşməni iti qovan kimi qovduq. Həmin ilin oktyabr ayının 7-də Cəbrayıl-Zəngilan istiqamətində döyüşlərdə yaralanıb. Hospitalda müalicə alsa da tam bərpa olunmayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Cəsur döyüşçü», «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunub.
İsa MUSAYEV