75 yaşı olan Sevil Osmanovanın əmək fəaliyyəti ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk vaxta təsadüf edib. O, Ulu Öndərlə bir neçə dəfə görüşdüyünü bildirərək, həmin görüşləri belə xatırlayır: “21 yaşım vardı, “Bakı fəhləsi” kolxozunda pambıqçı işləyirdim. Ulu Öndəri ilk dəfə 1971-ci ildə Azərbaycan Kommunist Partiyasının növbəti qurultayında görmüşəm. Qurultay indiki Heydər Əliyev adına sarayda keçirilirdi. Azərbaycan Kommunist Partiyasının birinci katibi işləyən Heydər Əliyev ətraflı məruzə ilə çıxış etdi. Sonra söz digər natiqlərə verildi. Ulu Öndərin qarşısında mən də çıxış etməli idim. Həyəcandan nə edəcəyimi bilmirdim. Necə çıxış etdimsə, bilmədim. Çıxışı yekunlaşdırıb, tez dönüb tribunaya baxdım. Heydər Əliyev gülümsəyirdi. Dahi şəxsiyyət fasilədə qurultay nümayəndələri ilə görüşüb xatirə şəkilləri çəkdirirdi. Hamı ilə maraqlanırdı, xüsusilə gənclərlə. Orada növbə mənə də çatdı. Söhbət əsnasında təhsilimlə maraqlandı. Soruşdu ki, təhsilin var? Dedim xeyir, orta təhsilliyəm. Tövsiyə etdi ki, təhsilimi davam etdirim”.
Növbəti iki qurultayda da yenidən böyük şəxsiyyət Heydər Əliyevlə görüşdüyünü söyləyən Sevil xanım deyib: “Təsəvvür edin, mənimlə olan söhbəti unutmamışdı. Soruşdu ki, təhsilini davam etdirirsənmi? Dedim, bəli, Şamaxı Kənd Təsərrüfat Texnikumunda oxuyuram. Mənə “Mütləq ali təhsil al” dedi. Yaddaşına heyran qaldım. Beləliklə, dahi rəhbərin tövsiyəsi ilə Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib, aqronom ixtisasına yiyələndim”.
Həmsöhbətimiz sözünə davam edərək bildirib ki, Heydər Əliyev tez-tez rayonlara səfər edərdi. Bu səfərlər çərçivəsində 1972-ci ildə Kürdəmirə gəlmişdi: “O günün həyəcanını hələ də unuda bilmirəm. Ulu Öndər qatardan düşdü. Hamı çəkinirdi. Özümdə bir cəsarət topladım. O vaxt mən rayon partiya komitəsinin büro üzvü idim. Əlimdə tutduğum tər gülləri Heydər Əliyevə verib, onunla görüşdüm.
Ulu Öndərlə daha bir görüşüm isə 1978-ci ilə təsadüf edib. On iki nəfərlik heyətlə Özbəkistana getməli idik. Yola düşməzdən öncə Heydər Əliyevlə görüşdük. Orada, heç gözləmədiyim halda yenə də təhsilimlə maraqlandı. İnstitutu bitirdiyimi dedim. Ulu Öndər sevindi və ali təhsil almağın üstünlüklərindən danışdı”.
Sevil Osmanova Ulu Öndər tərəfindən “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə, “Əlaçı pambıqçı” döş nişanına layiq görülüb. Mükafat olaraq ona “QAZ-24” markalı “Volqa” avtomobili də hədiyyə edilib.
“Onun ruhu qarşısında baş əyirəm. Baş əyirəm, həm də ona görə ki, layiqli varisi olan Prezident İlham Əliyevi Azərbaycana bəxş edib”, - deyən Sevil Osmanova bu gün Azərbaycanın qüdrətli ölkəyə çevrildiyini fəxrlə söyləyib. Otuzillik işğala son qoyulduğunu, torpaqlarımızın düşməndən azad edildiyini vurğulayan həmsöhbətimiz əmin olduğunu bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni-yeni zəfərlərə imza atacaq. (AZƏRTAC)