22.11.2024, 18:04
AZ EN
22.11.2022, 12:59 634

Düşməni darmadağın edən qəhrəman

XƏBƏRLƏR
  • Bu gün Vətənin qəhrəman oğlu, tankçı, şəhid Qoşqar Nuruş oğlu Vəliyevin anım günüdür. O, 1989-cu il aprel ayının 12-də də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 2010-ci ilin aprel ayının  12-dən müddətdən artıq hərbi xidmətə başlayıb. Daşkəsən rayonunda üç il xidmət etdikdən sonra, 2013-cü ildə Füzuli rayonuna göndərilib. Qoşqar tankçı idi, 2016-cı il aprel döyüşlərində fəal iştirak edib.

İkinci Qarabağ müharibəsi başlayanda Q.Vəliyev tankçı kimi döyüşlərə qatılıb. O, sentyabrın 27-də Füzulidə cəbhənin yarılmasında böyük şücaətlər göstərib. İgid döyüşçü savaşda öndə və ilk sırada olduğu üçün bütün hədəfləri dəqiq vuraraq, son mərmisinə qədər döyüşüb. Son bir mərmisi qalanda xain düşmən onun tankını vurub və özü yaralanıb. İgid döyüşçü yaralı olmasına baxmayaraq, onun tankını vuran erməni postunun yerini təyin edərək son mərmisi ilə hədəfi məhv edib. Öz tankı da düşmən hədəfində olan tankçı zirehli texnikadan ayrılıb. Az sonra onun tankı partladılıb. Bu zaman o, kəllə bəyin travması alıb. 20 gün xəstəxanada müalicə aldıqdan sonra öz istəyi ilə, yenidən cəbhəyə qayıdıb. Bu dəfə o, Xocavənd rayonunun azad edilməsi uğrunda gedən qızğın döyüşlərə qatılıb. Noyabrın 2-də səhər saatlarında ağır döyüşlərin getdiyi zamanda onun tankı yenə vurulub və o, bu dəfə də zirehli texnikadan sağ çxmağı  bacarıb. Bu qəhrəman döyüşçü ikinci dəfə də, xəstəxanada müalicəsini yarımçıq qoyaraq cəbhəyə, döyüş meydanına atılıb. Bu dəfə o, Hadrut istiqamətində döyüşlərə başlayıb.

Noyabrın 22-də Şuşa şəhərinin yaxınlığında məhv edilən düşmənin döyüş texnikasını götürməyə getdiyi zaman havanın əlverişsiz şəraitdə, yəni qatı dumanlı olmasından tankın dağa çırpılaraq oradan aşağı düşməsini görməyib. Qəhrəman döyüşçü tankın altında qalaraq şəhid olub.

Q.Vəliyev doğma Füzulidə böyük bir izdiham və ehtiramla dəfn edilib. 

Şəhidimiz ailəli idi. Nurəddin və Aişə adlı övladları Vətənə əmanətdir.

Qəhrəman döyüşçü Qoşqar Vəliyev ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Atası Nuruş kişi oğlu haqqında fəxrlə danışır. Qoşqar müharibəyə getməyə elə tələsirdi ki, sanki uçurdu, - deyir. “Biz utanırıq ki, bizim torpaqlarımız ermənilərdədi, qələbə çalanda deyərik ki, biz də nəsə etdik”...

Qardaşı Tural əlavə edir ki, müharibənin ilk günlərində Qoşqar 22 mərminin hamısını hədəfə vuraraq 19 erməni postunun darmadağın edilməsində böyük hünər göstərib...

Həyəcandan səsi titrəyən həyat yoldaşı Nübar xanım onu bu möhtəşəm sözlərlə xatırlayır: “Qoşqarla 7 il ailə kimi xoşbəxt yaşadıq. Mənim üçün bu 7 il bir ömrə bərabərdir”.

Qəhrəmanlıq bəzən bir anda baş verir və o an tarixə çevrilir. Qoşqar Vəliyev də, sözün həqiqi mənasında bir qəhrəmandır və 31 yaşında böyük Zəfər tariximizin şanlı bir səhifəsi onun qanıyla yazılıb. 

Ruhun şad olsun, qəhrəmanım mənim!

Mina RƏŞİD

Oxşar xəbərlər