22.11.2024, 17:51
AZ EN
30.05.2024, 16:25 238

Reyçel Avraham: İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında böyük irəliləyiş müşahidə olunur

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında böyük irəliləyiş müşahidə olunur.

Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, israilli jurnalist Reyçel Avraham "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının kuluarlarında jurnalistlərə deyib.

"İkinci dəfədir ki, bu konfransda iştirak edirəm, Azərbaycana yeddinci dəfə, Qarabağın özünə isə beşinci dəfədir ki, səfər edirəm. Ölkə barədə çox müsbət təəssüratım var", - o deyib.

R.Abraham Qarabağa müharibədən bir qədər sonra səfər etdiyini və o zaman ərazilərin tamamilə dağıdılmış olduğunu, yolların və infrastrukturun mövcud olmadığını qeyd edib.

"Bu gün Qarabağa baxın. Sizin möhtəşəm konfrans mərkəziniz var. Ötən il Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam konfrans mərkəzində möhtəşəm konfrans keçirdi. Sonra isə Şuşada da kulinariya festivalı oldu. İnşa edilməkdə olan Füzuli aeroportunu gördüm. Aeroportun tikintisi artıq başa çatıb, üstəlik Zəngilanda hava limanı da fəaliyyət göstərir. Hər şey tədricən inkişaf edir, Azərbaycan böyük uğurlar əldə edir", - o deyib.

R.Abraham əlavə edib ki, Ermənistanın minalı ərazilərin xəritəsini təqdim etməməsi irəliləyişi ləngidir.

O, bölgənin bütün maneələrə baxmayaraq yüksək sürətlə inkişaf etdiyini, ermənilər minalı sahələrin xəritələrini təqdim etsələr bu inkişafın daha sürətli ola biləcəyini qeyd edib.

R.Abraham vurğulayıb ki, Ermənistanın minalı sahələrin xəritələrini təqdim etməsi üçün dünya ictimaiyyəti ölkəyə qarşı sanksiyalar tətbiq etməlidir.

Qeyd edək ki, Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb.

Konfransa beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət göstərilir. Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur. (Trend)

Oxşar xəbərlər