Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb. Ardınca Heydər Əliyev və Prezident İlham Əliyevin çıxışlarından ibarət videoçarx, həmçinin Basarkeçər rayonuna həsr olunmuş təqdimat nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən icma sədri Nuru Bayramov bildirib ki, görüşün məqsədi gənclərin nailiyyətlərini qiymətləndirmək və onları daha da stimullaşdırmaqdır. O, xüsusilə idman sahəsində uğur qazananların çoxluq təşkil etdiyini və qızların uğurlarında artımın müsbət tendensiya olduğunu qeyd edib.
Digər çıxış edənlər – Əhliman Əmiraslanov, Əziz Ələkbərli, Aydın Mirzəzadə, Rizvan Nəbiyev və Qaya Məmmədov gənclərin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq, onların təşəbbüskarlığının və fəallığının ölkənin gələcəyi üçün əhəmiyyətini qeyd ediblər. Çıxışlarda həmçinin Qərbi Azərbaycan həqiqətlərinin qorunması və təbliğində gənclərin iştirakının vacibliyi xüsusi vurğulanıb.
Tədbirdə bir qrup gənc – Leyla Camalzadə, Murad Əliyev, Nicat Əliyev və Başxanım Mahmudlu əldə etdikləri uğurlar və gələcək planları barədə fikirlərini bölüşüblər.
Sonda 2025-ci ildə müxtəlif sahələrdə fərqlənən 70-ə yaxın gənc təltif olunub. Tədbir gənclərin uğurlarının təşviqi və milli birliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.
Tahirə AĞAMİRZƏ