Bu gün Şanlı Vətən müharibəsinin qəhrəman şəhidi Elşən Mübariz oğlu Dünyamalıyevin doğum günüdür. O, 1997-ci il aprelin 6-da Gəncə şəhərində anadan olub. 2003-2012-ci illərdə Gəncə şəhərində 21 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2015-ci illərdə isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Liseyində oxuyub. Elşən 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olarkən “Aprel döyüşləri”ndə iştirak edib. O, 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun MAXE əsgəri olan Elşən Dünyamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq şücaətlər göstərib.
Elşən Dünyamalıyev sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Gəncə şəhərinin Şəhidlər Xiyabanında böyik izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Dünyamalıyev ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD