Tədbirdə ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolu, ölkəmizdə yol infrastrukturunun inkişafı, işğaldan azad edilmiş ərazilərdə və ölkə üzrə icra olunan yol infrastrukturu layihələri barədə Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov məlumat verib.
S.Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi-ictimai həyatında gördüyü işlərdən danışıb. O qeyd edib ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən edib. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Tədbirdə çıxış edən Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev bölgədə aparılan işlərlə bağlı danışıb. O, Ağalı kəndində yaşayan sakinlərin sosial məşğulluq vəziyyəti ilə bağlı məlumat verib.
Daha sonra KİV nümayəndələrinin görülən işlərlə bağlı sualları cavablandırılıb.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı intelektual yarış keçirilib. Yarış Ağalı kənd orta məktəbinin 5-9-cu sinif şagirdləri arasında bir neçə mərhələ üzrə baş tutdu. Hər mərhələdə şagirdlərə Heydər Əliyevin həyat və yaradıcılığı, Vətən müharibəsi və işğaldan azad edilən ərazilərdə həyata keçirilən yol infrastrukturuna aid suallar verildi. Sonda məktəb, yarış iştirakçıları və qaliblərə agentlik tərəfindən qiymətli hədiyyələr verildi. (Trend)