Xocalı sakini Şükür Bəşirov 34 il öncə Xocalı soyqırımının baş verdiyi gecəni belə xatırlayıb.
Xocalı soyqırımını XX əsrin ən dəhşətli faciələrindən biri adlandıran Ş. Bəşirov deyib ki, ailəsi əsirlikdən azad olunandan sonra Ağdam rayonunun Gülablı kəndinə gəlib. Hazırda isə Goranboyun Ağcakənd qəsəbəsində yaşayır: “Həyat yoldaşım və 3 övladımla birlikdə 2003-cü ilədək Naftalanda məskunlaşdıq. Həmin il Goranboyda ilk qaçqın şəhərciyi - Aşağı Ağcakənd qəsəbəsi istifadəyə verildi və biz buraya köçdük”.
Həmsöhbətimiz bildirib ki, torpaqların işğaldan azad olunacağına və Xocalının qisasının alınacağına hər zaman inanıb: “Şəhidlərimizin qanı yerdə qalmadı. Şəhid ailələrinin başı sağ olsun. Xocalının qisası alındı. Haqq-ədalət öz yerini tapdı. Qarabağda insanlara qarşı cinayət törədənlərin bir qismi məhkəmə qarşısında cavab verdilər. Sarkisyan, Köçaryan, Ovanisyan, Balayan da müttəhimlər kürsüsündə oturmalıdırlar. İnanıram ki, onlar da yaxın gələcəkdə layiqli cəzalarını alacaqlar”.
İşğaldan azad olunan bütün ərazilərə, o cümlədən də Xocalıya səfər etmiş Ş. Bəşirov vurğulayıb ki, şəhidlərin xatirəsini həmişə sonsuz minnətdarlıqla xatırlayır: “Həyat davam edir, ancaq hər dəfə o torpaqlara, Xocalıya gedəndə həyəcanlanıram. Bir insan özünə yurd qurur, onu yer üzündən silirlər, yandırırlar. O vaxt tikdirdiyim evlər, mağazalar var idi, ticarətlə məşğul idim. Hamısını yer üzündən siliblər, izi də qalmayıb. Hazırda isə doğma Xocalıya qayıdacağımız günü səbirsizliklə gözləyirik”. (AZƏRTAC)