Bu barədə açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soave bildirib.
O qeyd edib ki, Azərbaycan artıq WUF13-ə uzunmüddətli və sistemli hazırlıq prosesinə start verib, bu proses təkcə tədbirin təşkili ilə məhdudlaşmır, eyni zamanda, ölkənin şəhərsalma siyasətinin strateji baxımdan yenilənməsinə xidmət edir.
“2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə dayanıqlı və ekoloji baxımdan məsuliyyətli şəhərlərin inkişafına yönəlmiş siyasi və institusional səfərbərliyin gücləndiyini göstərir. Bu, uzunmüddətli baxış üçün çox əlverişli siyasi və institusional uyğunluq yaradır”, – deyə Anna Soave vurğulayıb.
BMT-nin Məskunlaşma Proqramının nümayəndəsi vurğulayıb ki, hazırda insan mərkəzli şəhərlər anlayışı təkcə cəmiyyətin tələbi deyil, eyni zamanda, urban siyasətin əsas prioritetlərindən birinə çevrilib: “İnsanların ehtiyaclarına cavab verən, əlçatan, təhlükəsiz və inklüziv şəhər mühiti artıq şəhər siyasətinin mərkəzində dayanır”.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və yeni yaşayış məntəqələrinin salınması prosesinə də toxunan Anna Soave bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim olunan layihələr müasir qlobal yanaşmaların tətbiqinə ciddi marağın olduğunu göstərir.
O diqqətə çatdırıb ki, bu yanaşmalar yaşayış mühitinin keyfiyyəti, mobillik və əlaqəlilik, şəhər dayanıqlılığı, yeni materiallardan istifadə, enerji səmərəliliyi və ekoloji həllər kimi istiqamətləri əhatə edir.
“Milli və beynəlxalq tərəfdaşların prosesə cəlb olunması yeni yaşayış məntəqələrinin birgə yaradılması və innovativ həllərin tətbiqi baxımından mühüm rol oynayır. Bu təcrübə Dünya Şəhərsalma Forumu çərçivəsində geniş şəkildə bölüşülməlidir”, – deyə Anna Soave əlavə edib. (AZƏRTAC)