22.09.2024, 00:25
AZ EN
05.11.2022, 11:08 638

Qalib əsgər kimi gələcəm!

XƏBƏRLƏR

Torpaqlarımızın azadlığı uğrunda canından keçərək tarix yazan unudulmaz vətən oğullarımızdan biri də şəhid əsgər Elməddin Məmməd oğlu Talıbovdur. O, 1998-ci il sentyabrın 26-da Yardımlı rayonunun Şıxlar kəndində dünyaya gəlib. Doğmalarının söylədiyinə görə, Elməddin gülərüz, mehriban bir uşaq olub. Ailədə vətənpərvər ruhda böyüyüb, Qarabağın azadlığını düşünüb. Anası Siyabəyim Yaqubova deyir ki, bir ana üçün övlad itkisi çox çətindi. Amma o bizim başımızı uca elədi. Oğlu şəhid olandan ananın gözlərinə yuxu getmir. Gəlib onun otağında şəkilləriylə danışır. Oğlunun igidliyi, qazandığı hörmət ona qürur verir və bununla təskinlik tapır...

Qardaşı Fərhad Talıbov da Elməddini həm kədər, həm də qürurla xatırlayır: “O, bizi nigaran qoymurdu, şirin diliylə sakitləşdirirdi. Deyirdi ki, ayaq dəyməyən yerlərə gəlmişık, qalib əsgər kimi gələcəm, qələbə bizimdi”.

Elməddin Talıbov mərd bir əsgər kimi Vətən müharibəsi başlayan ilk günlərdən döyüşlərə qatlıb. 2020-ci il noyabrın 5-də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhadətə yüksəlib. Doğma Yardımlıda böyük bir el məhəbbətiylə dəfn edilib.

Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Doğrudan da, özünün dediyi kimi, Elməddin qalib əsgər kimi qayıtdı, adı Zəfər tariximizə qızıl hərflərlə əbədi həkk edildi. Onun kimi oğulları olan Vətən basılmaz. Ruhun şad olsun, Elməddin balamız!

 

Mina RƏŞİD

 

Oxşar xəbərlər