25.04.2025, 02:54
AZ EN
19.10.2022, 14:23 412

Bu gün “Əfsanəvi Rembo”nun anım günüdür

XƏBƏRLƏR

44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə görə ilk növbədə torpaqlarımız uğrunda canlı sipər olaraq ölümdən qorxmayan ölümsüz şəhidlərimizə borcluyuq. Yolunda cavan canlarını fəda edən Vətən şəhidlərini heç vaxt unutmayacaq. Onların hər birinin xatirəsi qəlbimizdə daim yaşayacaq. Torpaqlarımız uğrunda mərdliklə vuruşaraq tarix yazan, “Əfsanəvi Rembo” adını qazanan belə igid oğullarımızdan biri də şəhid mayor Qaflanov Şixamir Oruc oğludur. Bu gün müqəddəs şəhidimizin anım günüdür.

Qaflanov Şixamir Oruc oğlu 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olub. O, orta təhsilini doğma kənd məktəbində alıb. 2005-2006-cı illərdə Daxili Qoşunların Gəncə şəhərindəki hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində həqiqi hərbi xidmət keçib. Tərxis olunduqdan bir müddət sonra - 2007-ci ilin aprel ayında yenidən ordu sıralarına qayıdaraq, Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə borcunu şərəflə yerinə yetirməyə başlayıb. Zabit olmaq onun ən böyük arzusu idi. Odur ki,  2008-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olub. 2010-cu ildə hərbi təhsil ocağını müvəffəqiyyətlə başa vuraraq, leytenant hərbi rütbəsi alıb. Zabit kimi ilk olaraq Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsində fəaliyyətə başlayan Şixamir 2012-ci ilin oktyabr ayınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib.

Şixamir Qaflanov xidmət etdiyi dövrdə iki dəfə - 2012-ci ilin oktyabr- noyabr və 2019-cu ilin fevral-may aylarında qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Zabit komando təməl kursu” və “Jandarma komando ixtisas kursu”nda bilik və bacarığını daha da artırıb.

Öz çalışqanlığı, bilik və bacarığı ilə Ş.Qaflanov qısa müddətdə hərbi hissə komandanlığının etimadını qazanıb. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və nümunəvi xidməti ilə fərqlənən mayor Şixamir Qaflanov 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, eləcə də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif edilib.
Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan Zəfər yürüşündə mayor Şixamir Qaflanov komandiri olduğu və qoşunların “Bəbir” şərti adı verilmiş xüsusi təyinatlı dəstəsinin mərd hərbi qulluqçuları ilə birgə cəbhənin müxtəlif istiqamətlərində erməni terrorçularının başına od-alov yağdırdı. Bu haqq savaşında o, tabeliyində olan cəsur silahdaşları ilə birgə düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, mühüm strateji mövqeləri azad etdi. Ancaq öz məğlubiyyətləri ilə barışmaq istəməyən düşmən digər yüksəkliklərdə yerləşən postlardan itirdiyi mövqeləri snayperlərdən, iriçaplı silahlardan atəşə tuturdu. Belə şiddətli döyüşlərin birində düşmən snayperinin açdığı atəş nəticəsində igid döyüşçümüz Ş.Qaflanov başından ağır yaralanaraq şəhidlik zirvəsinə ucaldı.
Mayor Şixamir Qaflanov oktyabrın 24-də Zaqatala rayonunun Üçüncü Tala kənd qəbiristanlığında dəfn olunub. Ailəli idi və Mədinə adlı  övladı Vətənə əmanət qaldı.
Şixamirin böyük qardaşı Asif Qaflanov da Birinci və İkinci Qarabağ müharibəsinin mərd döyüşçüsü, qazidir. A. Qaflanov qardaşı ilə qürur duyduğunu söyləyir: “Mən fəxr edirəm ki, belə bir qardaşım var”.

Daxili Qoşunların “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini, mayor Elşən Məmmədov da vaxtilə birgə xidmət etdiyi dəstə komandiri Ş.Qaflanov haqqında bunları  deyir: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq Vətən müharibəsində dəstəmizin 6 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də dəstə komandirimiz mayor Şixamir Qaflanovdur. Onun bir insan kimi də, çox gözəl xasiyyəti vardı. Tabeliyində olan hərbi qulluqçuların problemləri ilə maraqlanardı, hər zaman şəxsi heyətin qayğısına qalardı. Onun şəhid olduğunu eşidəndə inanmadım. Elə indi də inanmağım gəlmir... Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin”.

Mayor Ş.Qaflanov olümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun.

 

Mina RƏŞİD

Oxşar xəbərlər