22.11.2024, 00:57
AZ EN
20.01.2024, 11:53 407

Saat 1-ə 22 dəqiqə işləmiş...

XƏBƏRLƏR
  • 1990-cı il yanvarın 20-si gecə saat 1-ə 22 dəqiqə işləmiş...

Avtomobildə saatın əqrəbləri də həmin vaxt donub. Düz 34 ildir ki, o, həmin vaxtı olumla ölüm anı kimi dəyərləndirir.

“Hər gün “Zaporojest” markalı avtomobilimlə gecəni səhərədək küçələrdə dayanan adamlara yemək, ocaqda yandırıb qızışmaq üçün odun-ocaq aparırdım. Həmin axşam saatlarında evə gəlib avtomobilin üstündə olan yük yerinə xeyli odun-ocaq yığdım. Mühərriki işə salıb tərpənmək istəyəndə qonşu uşaqları – İlqar, Pərviz və Zakir də mənə yaxınlaşıb onları da aparmağı xahiş etdilər. Onların 13-14 yaşı vardı, dedilər ki, biz də xeyli odun toplamışıq, gedək onları da maşına yığaq. Mən onların topladıqları odunu da avtomobilə yüklədim, lakin gecə vaxtı uşaqları aparmağa etiraz etdim. Onlar evə gedib valideynlərindən icazə alandan sonra gəlib arxa oturacaqda əyləşdilər”, - deyə Nazim Ələkbərov həmin gecə baş verənləri xatırlayır.

“Zaporejest” aşağı sürətlə Tbilisi prospektindən indiki 20 Yanvar meydanına gedən yolla irəliləyirdi, ondan arxada da içi sərnişinlə dolu RAF markalı avtobus hərəkət edirdi. İrəlidə isə iki tank gedirdi. Tankın biri irəliyə doğru hərəkətini davam etdirdi, mikrorayona dönən yola çatanda ikinci tank qəflətən geriyə dönüb arxadan gələn maşınların üstünə hücum çəkdi.

“Tankın öz yerində dönərək atəş aça-aça üstümüzə gəlməyi hamını çaşdırmışdı. Bir onu edə bildim ki, avtomobilin əyləcini basıb saxladım. Tez oturacağı yuxarı qaldırdım ki, uşaqlar maşından düşə bilsinlər. Başqa heç nə xatırlamıram, çünki elə bildim ki, avtomobili xıncım-xıncım əzən tankın tırtılları mənim də üstümdən keçdi. Həmin vaxt tramvay xəttinin kabelləri də qırılıb maşının üstünə töküldü, elə bildim ki, indicə məni elektrik vuracaq, külüm göyə sovrulacaq. Özümü itirmiş və donuq vəziyyətdə avtomobilin içində qalmışdım. Lakin çox qəribədir ki, bunların heç biri baş vermədi. Tank isə pulemyotundan atəş açaraq bizdən arxada gələn RAF-ın üstünə doğru hərəkət etdi”, - deyə Nazim yenidən həmin ağır dəqiqələri xatırlayır.

O, yalnız möcüzə nəticəsində hadisədən salamat çıxa bilib, uşaqlar isə arxa qapıdan tullanaraq özlərini yerə atıblar. Arxadan gələn sərnişin avtobusunun sürücüsü ayaqlarını itirib. “Avtomobilin qabaq şüşəsi sınıb üz-gözümə dolmuşdu. Sifətim qan içində idi, ayağıma isə dəmir parçası girmişdi”, - deyə o, söhbətini davam etdirir. Ətrafda olanlar bizə yaxınlaşıb kömək etdilər, məni maşının içindən çıxardılar. Lakin mən daha çox uşaqların hayında idim. Onların üçünü də sağ-salamat görəndə çox sevindim, hətta öz ağrılarımı da unutdum. Tbilisi prospektindən “Qələbə” kinoteatrına gedən yolla Yasamala doğru gəlirdik. Yolla gələrkən sovet tanklarının hara gəldi atılan atəşlərindən biri İlqara dəydi. O, qarnından yaralanmışdı. Yolda qara rəngli bir QAZ-24 saxlayıb bizi hazırkı Kliniki Tibbi Mərkəzə çatdırdı, həmin maşın da güllələrdən dəlik-deşik olmuşdu. Təəssüf ki, Bakıdakı 167 nömrəli məktəbin yeddinci sinif şagirdi İlqar İsmayılovun həyatını xilas etmək mümkün olmadı. Özüm həmin avtomobillə evə qayıtdım. Gecə yarısı təcili yardım çağırdılar, mənə ilkin tibbi yardım göstərildi. Səhər açılan kimi Respublika Mərkəzi Xəstəxanasına getdim”.

İxtisasca rəssam olan Nazim Ələkbərov yanvarın 20-dən fevralın 26-dək həmin xəstəxanada müalicə olunub. O, sinəsindən, ağciyərindən, onurğa sümüyündən və ayağından ağır yara almışdı. Bir aydan artıq davam edən müalicələrdən sonra həkimlər onu sağaldaraq evə yazıblar. Ona ikinci qrup əlillik statusu verilib.

Lakin o, hələ xəstəxanada ikən baş verən bu vəhşilik, günahsız adamlara edilən hücumlar, Bakı küçələrində törədilən izahı mümkün olmayan azğın hərəkətlər barədə şəhərin komendantına, ovaxtkı sovet rəhbərliyinə məktublar yazıb, teleqramlar vurub, başına gələn hadisə barədə şikayətlər edib. Xüsusilə onu qeyd edir ki, idarə etdiyi “Zaporojest” avtomobilinin mühərrikinin arxada olması onun həyatını xilas edib. Mühərrik öndə olsaydı, yəqin ki, Nazimin həyatında möcüzə baş verməyəcəkdi. O, bu barədə Ukraynada həmin avtomobilləri istehsal edən zavoda da məktub yazıb. Nazimi zavoda dəvət edərək ona “Zaporojest” markalı yeni avtomobil veriblər.

Qanlı 20 Yanvar gecəsində xıncım-xıncım, əzik-əzik olan köhnə avtomobil isə indi Yasamalda Nazim Ələkbərovun evində həmin məşum günlərin yadigarı kimi saxlanılır. Əslində avtomobildən çox metallomu xatırladan avtomobildə təkcə sürücünün sağında olan saat salamat qalıb. Vaxt isə həmin vaxtdır: saat 1-ə 22 dəqiqə işləyib... (AZƏRTAC)

Oxşar xəbərlər