08.09.2024, 07:16
AZ EN
10.10.2023, 17:53 223

Macarıstanda “Qanlı kaha: Başlıbeldə 113 gün” adlı tədbir keçirilib

XƏBƏRLƏR


 Diaspor Könüllüləri İctimai Birliyi “Qanlı kaha: Başlıbeldə  113 gün” adlı layihə çərçivəsində Macarıstanda tədbir keçirilib.

“Vətən səsi” xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində keçirilən tədbir Budapeştdəki Azərbaycan  Evində  təşkil olunub. Tədbirdə yerli ictimaiyyətlə yanaşı Azərbaycan, Türkiyə, Qazaxıstan və Tatarıstan diasporunun nümayəndələri də iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət  himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Diaspor Könüllüləri İctimai Birliyinin nümayəndəsi Şahin Camalov tədbir haqqında geniş məlumat verib. O, Başlıbel qətliamının necə baş verdiyi, qətliamın tanıdılması istiqamətində indiyə qədər həyata keçirilən fəaliyyət, bundan sonrakı dövrdə atılması vacib olan addımlar haqqında danışıb.
Şahin Camalov bildirib ki, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində 62 nəfər dinc sakin işğalçı ordunun mühasirəsində qalmış və 113 gün ərzində kahalara sığınaraq gizli yaşamağa məcbur olmuşdur. Lakin erməni silahlı qüvvələri aprelin 18-də onların yerini müəyyənləşdirərək sığınacağa hücum etmiş və kütləvi qətliam törətmişdir. Həmin hadisələr zamanı 19 nəfər qətlə yetirilmiş, 14 dinc sakin girov götürülmüşdür.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və dəmir yumruğu nəticəsində, rəşadətli ordumuzun qəhrəmanlığı ilə Silahlı Qüvvələrimiz 44 günlük şanlı Zəfər tarixi yazmış və düşmən tapdağında olan torpaqlarımız azad edilmişdir. Eyni zamanda Başlıbel kəndindəki kütləvi məzarlıq aşkar edilərək şəhidlərdən 12 nəfərin qalıqları DNT analizləri üçün Bakıya gətirilmiş, 4 ay davam edən müvafiq istintaq hərəkətlərindən sonra şəhidlərin qalıqları Başlıbel kəndinə qaytarılaraq əvvəlki yerində dəfn olunub. Bu gün Başlıbellilər öz doğma kəndlərini ziyarət edərək, orada şəhid olan əzizlərini ziyarət edirlər. Bundan sonra bizim vəzifələrimizdən biri bu qətliamları dünya ictimaiyyətinə çatdırmaq, cinayətkarların cəzalandırılmasına nail olmaqdır”, - deyə İctimai Birliyin nümayəndəsi əlavə edib.

Tədbirin yekunu olaraq araşdırmaçı-jurnalist Elxan Salahovun Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabı iştirakçılara təqdim edilib.

Oxşar xəbərlər