19.02.2026, 16:54
AZ EN
19.02.2026, 15:12 232

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mahir Quliyev Cəlilabadda dəfn edilib

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Mahir Abuzər oğlunun nəşinin qalıqları Cəlilabad rayonunda torpağa tapşırılıb.

Əvvəlcə şəhidin ailə üzvlərinin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, yaxınları, rayon sakinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşinin qalıqları izdihamla rayon qəbiristanlığına gətirilib. Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhid ailələri və çoxsaylı rayon sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidin Vətən qarşısında xidmətlərindən danışıb, onun xatirəsinin daim əziz tutulacağını bildiriblər.

Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb, Dövlət Himni səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı ailəsinə təqdim olunub.

Qeyd edək ki, Quliyev Mahir Abuzər oğlu 1958-ci il oktyabrın 31-də Cəlilabad rayonunda anadan olub. O, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşmüşdü. Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib. (AZƏRTAC)

Oxşar xəbərlər