18.04.2024, 06:21
AZ EN
26.05.2023, 09:00 230

Düşmənin “İkinci Mübariz” kimi qorxduğu “Qara Qartal”ımız...

XƏBƏRLƏR
  • ...Onunla fəxr edirəm, elə fəxr edilməli oğuldu. Elə bir oğul ki, tayı-bərabəri yoxdu. Asim Vətən eşqi ilə yaşayırdı. Həm idmançıydı, həm hərbçiydi... Şəhid analarına demək istəyirəm ki, dözümlü olsunlar. Çünki oğullarımız Vətən üçün gedib, torpaq uğrunda Şəhid olublar. Bu sözləri Vətən müharibəsinin əfsanəsi, Şəhid, “Qara qartal” ləqəbi ilə tanınan çavuş Asim Abbasovun qəhrəman anası söyləyir.

Asim Rasim oğlu Abbasov 1987-ci il mayın 26-da İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. 2012-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Asim 2016-cı ilin 2-5 aprelində gedən Aprel döyüşləridə də mərdliklə iştirak edib.

Azərbaycan Ordusunun çavuşu Asim Abbasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib. Döyüşçü dostu Ramil Bayramov deyir ki, Asim hələ Vətən müharibəsindən də əvvəl kəşfiyyatçı kimi bir çox hərbi əməliyyatlarda iştirak etmişdi. O bir tapşırığı yerinə yetirərkən 8 erməni kəşfiyyatçını məhv eləmişdi. Güclü döyüşçü, cəsur oğlan idi. İnsan kimi insan, hərbçi kimi bütün şəxsi keyfiyyətləri gözəl idi. Döyüşlərdə Asimin atışından sonra biz hərəkət edirdik. O, daha çox qrantamyotdan istifadə edirdi. Asim hansı əsgərin yanında olsa o çox ürəkli olurdu, heç nədən qorxmurdu. Döyüşçülər onunla birgə vuruşmaq istəyirdilər. Biz Asimlə bir otaqda qalırdıq. Onunla qardaşdan da yaxın olmuşuq...

Asim Abbasov Füzuli döyüşləri zamanı sentyabrın 28-də qəhrəmancasına şəhadətə ucalıb. Düşmən bu xəbərə çox sevinib. Onlar sosial şəbəkələrin səhifələrində Azərbaycanın ikinci Mübarizindən canlarının qurtardığı xəbəri fərəhlə paylaşırdılar...

Azərbaycanın igid övladı Asim Abbasov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Bibisi deyir ki, qardaşım da yenicə dünyadan köçmüşdü. Asim deyirdi ki, kaş atam sağ olaydı, mən şəhid olanda balalarımdan arxayın olaydım... Asim el-obanın yaraşığıydı. Qardaşımın balasıyla fəxr edirəm. Asim kimi oğullar torpaqlarımızı azad etdilər, üzümüz ağ, başımız uca oldu...

Asim Abbasov sözün həqiqi mənasında cəngavər idi. Elə ona görə də, yoldaşları arasında "Qara qartal" kimi özünə ad qazanmışdı...

Bu gün Vətənin mərd oğlu Asim Abbasovun 1 oğlu və 3 qız balası Vətənə əmanətdir.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR