02.08.2025, 00:30
AZ EN
26.07.2025, 10:21 112

Həmişə gülümsəyən Sübhan...

XƏBƏRLƏR
  • Hələ hərbi xidmətdə olarkən yoldaşları ilə şəkil çəkdirəndə Sübhan onlara deyirdi ki, gülümsəyin. Çünki bu şəkillərə ata-anamız baxacaq, qoy onlar narahat olmasınlar. Şəhidimizin anası deyir ki, mən onunla təsəlli tapıram ki, təkcə Sübhanın yox, minlərlə şəhidin anasıyam. Sübhanın cənnətdəki ilk doğum günündə çox fikirlər səslənmişdi. Deyirdilər ki, Sübhan kimi oğullar illərlə işğalda qalan torpaqlarımızı azad edərək öz qanları, canları bahasına Şanlı Zəfər tariximizi yazaraq  bütün Azərbaycanın övladına çevrildilər...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Sübhan Rauf oğlu Həsənovun doğum günüdü. O, 26 iyul 2001-ci ildə Masallı şəhərində anadan olub. 2007-2018-ci illərdə şəhid İsfəndiyar Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbində təhsil alıb. Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq Gənclər İdman məktəbinin cüdo bölməsinin yetirməsi kimi dəfələrlə rayon və zona yarışlarının mükafatçısı olub. 2019-cu ilin 30 iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Goranboy rayonunda yerləşən hərbi hissədə snayperçi əsgər kimi xidmətə başlayıb. Sübhan Həsənov Tovuz döyüşlərində iştirak edib.

Azərbaycan Ordusunun əsgəri Sübhan Həsənov 27 sentyabr 2020-ci il tarixində Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub.

Cəsur döyüşçü oktyabrın 2-də Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi iki aydan sonra tapılaraq ailəsinə təhvil verilib.

Şəhid Sübhan Həsənov 2020-ci il dekabrın 7-də doğulub boya-başa çatdığı Masallı şəhər qəbiristanlığında böyük izdiham və ehtirmla torpağa tapşırılıb.

Döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sübhan Rauf oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Sübhan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər