19.02.2026, 14:42
AZ EN
19.02.2026, 09:52 168

Mübarizin yolu ilə...

XƏBƏRLƏR
  • Uşaq yaşlarından mərdliyi və vətənpərvərliyi ilə seçilirdi. Hələ məktəb illərində özünə böyük bir hədəf seçmişdi. Milli Qəhrəman Mübariz İbrahimovun sinif otağının divarından asılmış portreti onun üçün sadəcə şəkil deyildi, həyat amalı idi. Soyadlarının eyni olması da onu çox qürurlandırırdı, o da Mübariz kimi qəhrəman olmaq istəyirdi.

Röyal Qulam oğlu İbrahimov 2002-ci il fevralın 19-da Lənkəran rayonunun Vel kəndində sadə bir ailədə doğulmuşdu. Qırx dörd günlük Vətən müharibəsi başlayanda o da işğalçılara qarşı mübarizənin önündə dayanmağı seçdi.  2020-ci ilin iyulunda böyük həvəslə həqiqi hərbi xidmətə yollanarkən anasına "Narahat olma, Qarabağı azad edib, sağ-salamat geri qayıdacağam" - demişdi. Onun döyüş yolu Cəbrayıldan, Zəngilandan, Qubadlıdan, Ağdamdan keçmişdi.

Azərbaycan Silahlı Qüvvələrinin qorxmaz əsgəri kimi düşmənə qarşı rəşadətlə vuruşan Röyal Vətən Müharibəsinin 37-ci günü, 2020-ci il noyabrın 2-də Xocalının Çanaqçı kəndində şəhid olub. Onun nəşi noyabrın 6-da doğulduğu kəndə gətirilərək burada dəfn edilib.

Yaşasaydı bu gün 24 yaşı tamam olacaqdı. Özünə örnək saydığı qəhrəmana layiq yol seçərək adını tarixə qızıl hərflərlə yazdırdı. Röyal İbrahimov ölümündən sonra Ali Baş Komandanın sərəncamları əsasında “Vətən uğrunda”, “İgidliyə görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Oxşar xəbərlər