"Vətən səsi" xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dünən açıqladığı məlumata görə, Birinci Qarabağ müharibəsi zamanı döyüş zonalarında itkin düşmüş daha 17 şəhidin şəxsiyyəti müəyyənləşib. Həmin siyahıda biri Mehriban Qarayeva olmaqla iki qadın da var.
1970-ci il martın 27-də Sumqayıt şəhərində anadan olan Mehriban Arif qızı Qarayeva 2-ci mikrorayonda yaşayıb. O, Sumqayıt şəhər 3 saylı məktəbin 8-ci sinfini bitirdikdən sonra 35 nömrəli peşə məktəbinə daxil olub. On beş yaşında ikən atnasını itirən Mehriban peşə təhsilini bitirdikdən sonra qısa müddətdə atası ilə Sumqayıtdakı zavodların birində çalışıb.
İşləyə-işləyə təhsilini davam etdirən gənc qız tibb bacısı ixtisasına yiyələndikdən sonra, 1992-ci ildə könüllü olaraq hərbi xidmətə yollanıb. O, təxminən bir il ərzində Ağdərə-Ağdam istiqamətində gedən döyüşlərdə yaralılara ilk tibbi yardım göstərib. 1992-ci il iyulun 9-da onun da içərisində olduğu hərbi avtomobil Ağdərə rayonun Sırxavənd kəndi yaxınlığında minaya düşüb. Lakin qızğın döyüşlərin aramsız davam etdiyi şəraitdə onun nəşini döyüş zonasından çıxarmaq mümkün olmayıb. Mehribanın şəhid olması xəbərinin də ailə üzvlərinə gec çatdırılması onun axtarışlarını bir az da çətinləşdirib.
Taleyinə 33 illik itkin yazılan şəhid Mehriban Qarayevanın 3 bacısı, 4 qardaşı olub. Atası Arif Qarayev 2001-ci ilin aprelində dünyasını dəyişib və Sumqayıt qəbiristanlığında dəfn olunub. Anası Havabəyim Hüseynova isə 1985-ci ilin noyabrında vəfat edib, məzarı Şamaxının Ərəbqədim kəndin qəbiristanlığındadır. Öz nəşi 30 ildən artıq düşmən tapdağında qalan şəhid qızın qalıqları ötən il Ağdərə rayonu ərazisindəki kütəvi məzarlıqda tapılıb. Həmin qalıqların ona məxsus olduğu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində aparılan DNK analizlərindən sonra təsdiqini tapıb.
Qısa ömründə ibrətamiz həyat yaşayan şəhid Mehriban Qarayevanın dəfn mərasimi sabah saat 11:00-da Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında keçiriləcək.
Elxan SALAHOV