Milli Arxiv İdarəsinin “Azərbaycan arxivi 105 (sənədlər, faktlar)” kitabında yer alan bu zəngin informasiya dövlət arxivlərinin milli tarixi yaddaşın qorunması, sistemləşdirilməsi və elmi dövriyyəyə gətirilməsində müstəsna rol oynadığını göstərir.
Nəşrin məsul redaktoru Milli Arxiv İdarəsinin rəisi filologiya elmləri doktoru professor Əsgər Rəsulovdur.
Azərbaycanda arxiv işinin 105 illik tarixini özündə əks etdirən və iki hissədən ibarət kitabın birinci hissəsində arxiv işinin cəmiyyət üçün aktuallığı və tarixi sənədlərin məzmunu ilə bağlı qısa məlumat verilir, dövlət arxiv xidmətinin əldə etdiyi nəticələrdən bəhs olunur. İkinci – Əlavələr hissəsində Azərbaycan Respublikası Dövlət Arxivinin, Dövlət Tarix Arxivinin çap məhsulları şöbəsinin (Elmi-məlumat kitabxanasının) fondlarında mühafizə edilən sənədlərin əsillərinin elektron nüsxələrinin surətləri yerləşdirilib.
Bu kitab Azərbaycan dövlət arxiv xidmətinin təşkili və tarixi inkişaf yolu barədə geniş oxucu kütləsini məlumatlandırmaq məqsədilə hazırlanıb. Nəşrə daxil edilmiş 1920-2024-cü illəri əhatə edən arxiv sənədləri (dekret və fərmanlar, qanun, qərar və sərəncamlar, yazışmalar və s.) arxiv sahəsi ilə maraqlanan tədqiqatçılara ölkəmizdə arxiv işi sahəsində həyata keçirilmiş tədbirlərin xronologiyası barədə məlumat əldə etməyə imkan verir.
Kitabda qeyd olunduğu kimi, dövlət arxivləri və arxivçilər tarixi həqiqətləri təhrif edən, millətçilik ideyaları yaymaqla özlərinə saxta tarix yaradanların qarşısına tutarlı faktlar, sübutlar qoymaqla bu müqəddəs işdə öz məsuliyyətlərini aydın başa düşür və Vətən tarixinin keşiyində şərəflə dururlar. (AZƏRTAC)