Flora Xəlilzadə 23 avqust 1955-ci il avqustun 23-də Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi" və "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür.
1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib. 20-yə yaxın kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir çox mükafatlar laureantıdır.
2013-cü il martın 4-də jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar Jurnalist" Fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 7 sentyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib
Ailəlidir, 2 oğlu və 5 nəvəsi var.
Əzizimiz Flora xanımı təbrik edir, ona yaradıcılığında böyük uğurlar arzulayırıq.
Tahirə AĞAMİRZƏ