13.02.2026, 14:20
AZ EN
13.02.2026, 10:46 208

Bu gün şəhid Elməddin Abdullayevin doğum günüdür

XƏBƏRLƏR
  • Nənəsi deyir ki, Elməddin mehriban, xoşxasiyyət bir oğlan idi. Həmişə anasına deyərdi ki, Sizin başınızı uca edəcəm. Onun bir əsgər kimi hərbi xidmətindən geri dönməsinə sayılı günlər qalmışdı. Vətən Müharibəsi başlayanda Elməddin igid əsgər kimi döyüşlərə qatıldı. Şəhadətindən 4 gün əvvəl anasına zəng edəndə ondan halallıq istəmişdi. İndi anası ondan ayrılığın acısı ilə yaşasa da igid balası ilə fəxr edir. Deyir ki, o bizim başımızı uca etdi...

Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Elməddin Telman oğlu Abdullayevin doğum günüdür. O, 13 fevral 2001-ci ildə Quba rayonunun Qamqam kəndində dünyaya göz açıb. 2018-ci ildə şəhid  Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbini bitirib. 2019-cu ilin aprel ayında hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Elməddin Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

27 sentyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elməddin Abdullayev ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunması uğrunda", "Suqovuşanın azad olunması uğrunda" və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Elməddin balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər