Siyahıda adı birinci olan Abbasquliyeva Səmayə İsmayıl qızı Ağdam rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərində müvəqqəti məskunlaşmış ailənin övladıdır. O, imtahanlarda 672.7 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına (tədris ingilis dilində) qəbul olunub.
Səmayə paytaxtın Sabunçu rayonundakı şəhid İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbi bu il bitirib. 2021-ci ildə "Əlaçı" intellektual televiziya verilişinin qalibi və superfinalçısı olub. Sabunçu Gənclər Evində könüllü fəaliyyət göstərib və həmyaşıdlarının ingilis dilini öyrənməsinə kömək edib.
Səmayənin atası Birinci Qarabağ müharibəsinin veteranıdır.
Uğurları ilə ailəsinə və yaxınlarına böyük sevinc bəxş edən gənc qızımızın gələcəkdə yüksək hazırlıqlı hüquqşünas kimi xalqımıza və dövlətimizə layiqli xidmətlər göstərəcəyinə inanır, ona sağlam, işıqlı, xoşbəxt bir ömür arzulayırıq!
Səmayə ilə birlikdə Prezident təqaüdünə layiq görülmüş bütün tələbələri təbrik edirik!
“Vətən səsi”