2011-ci ildə UNESCO-ya üzv dövlətlər tərəfindən elan olunmuş və 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən BMT-nin beynəlxalq günü kimi qəbul edilmiş 13 fevral - Ümumdünya Radio Günündə (WRD) sürətlə inkişaf edən texnologiyalar, xüsusən süni intellekt dövründə bu sahənin perspektivləri müzakirə olunur.
Texnologiya, elm, rabitə vasitələri və audio elementlərinin proqramlaşdırılması sistemi kimi, radionun yaranması tarixi 1800-cü illərə qədər gedib çıxır. Bu media vasitəsinin 100 ildən artıq bir mərhələsinin təqdim etdiyi imkanlar XXI əsrdə onun potensialını qeyd etmək üçün bir fürsətdir. Çünki statistik cəhətdən populyar və ictimaiyyət tərəfindən çox etibar edilən radio rəqəmsal platformalar, geniş yayılmış sosial media əsrində auditoriya və gəlir baxımından artan çətinliklərlə üzləşir. 2025-ci ildə qeyd edilən bu əlamətdar gündə radionun iqlim böhranı ilə bağlı fəaliyyəti, təmiz texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi üzrə təbliğat prosesində iştirakı məsələləri gündəmə gətirilib. BMT qeyd edir ki, fövqəladə hallar, o cümlədən fırtınalar, zəlzələlər, daşqınlar, meşə yanğınları, qəzalar və müharibələr kimi təbii və insan tərəfindən törədilən fəlakətlər zamanı radionun ictimai təhlükəsizlik şəbəkəsi kimi əhəmiyyəti daha da aktuallaşır.
Azərbaycanda radionun yarandığı gün 1926-cı il noyabrın 6-na təsadüf edir. İlk dövrdə Bakı studiyası indiki İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının üçüncü mərtəbəsində, cəmi 3 otaqda fəaliyyət göstərirdi.
1970-ci ildə Dövlət Radio və Televiziya Verilişləri Komitəsi təsis edildi. 1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
Hazırda paytaxt Bakıda və ölkəmizin digər şəhərlərində onlarla radio kanalı fəaliyyət göstərir.
Hazırladı: Mina RƏŞİD