26.01.2026, 12:19
AZ EN
26.01.2026, 09:21 136

Bu gün şəhid Xalid Hassanın doğum günüdür

XƏBƏRLƏR
  • Xalid hərbçi olmaq istəyirdi. Ancaq atasının xarici ölkə vətəndaşı olması ona arzusuna çatmaqda problemlər yaradıb. Xalid olduqca vətənpərvər idi, o öz arzusu ilə könüllü müharibəyə yollandı və torpaqlarımız uğrunda mərdliklə döyüşdü. Xalidin anası Maya xanım da vətənpərvər bir insandı. “Maya” adlı sənədli filmin baş qəhrəmanı olan bu fədakar qadın öz təmkinini qoruyaraq çiynini şəhid balasının tabutuna verib…

Torpaqlarımız uğrundan canından keçən qəhrəman şəhidlərimizidən biri də Xalid Hassandır. Bu gün Xalid Mahmud oğlu Hassanın doğum günüdür. O, 1995-ci il yanvarın 26-da Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə Ağdam rayonunun Saybalı kəndindəndir. 1995-ci ilin iyul ayında  Xalid Hassan 6 aylıq olanda ailəsi Sumqayıt şəhərindən Qazaxıstanın Almatı şəhərinə köçərək burada yaşamağa başladı. Bir müddət sonra onlar yenidən Azərbaycana qayıtdı və Xalid Hassan birinci sinifə Bərdə rayonunda Ağdam şəhəri 2 nömrəli tam orta məktəbində getdi. Daha sonra ailəsinin işi ilə bağlı yenidən Qazaxıstanda yaşayan Xalid Hassan 10-cu sinifə qədər Almatı şəhərində təhsil aldı. Ancaq o tam orta təhsilini də Azərbaycanda bitirib.
Xalid Hassan 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda,, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə mərdliklə savaşıb.

Xalid Hassan noyabrın 4-də Kəlbəcər-Şuşa yolunun Ağdərə istiqamətində qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xalid Hassan ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun bir övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəgidim!

Mina RƏŞİD

Oxşar xəbərlər