Bu fikirləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd söyləyib. O bildirib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirdi, eyni zamanda, hərbi sənayenin güclü bir sıçrayışla inkişafına təkan verdi: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı erməni işğalından azad etdi. İkinci Qarabağ müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin polad iradəsi, yüksək əzmkarlığı, qətiyyəti, heyrətamiz siyasəti, zabitlərimizin hərbi bacarığı, əsgərlərimizin şücaəti və rəşadəti sayəsində şanlı bir Qələbə ilə bitdi.
Lakin məğlubiyyətindən dərs almayan ermənilər öz mənfur, xəyanətkar əməllərindən əl çəkmədilər. Müharibədən sonrakı üç il ərzində dəfələrlə razılaşmaları pozdular. 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər. Bir neçə saat sonra Qarabağda qanunsuz erməni qruplaşmalarına qarşı antiterror tədbirlərinə başlanıldı. İyirmi dörd saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycanın suverenliyi tam bərpa olundu”.
Professor vurğulayıb ki, Azərbaycan Prezidentinin məqsədyönlü xarici siyasətinin bariz göstəricisi idi ki, 44 günlük müharibə zamanı dünyanın bir çox dövlətləri Azərbaycanın bu ədalətli savaşını dəstəklədilər. “Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin və əsgərlərin rəşadəti sayəsində intəhasız bir sevinc içindədir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, - deyə Vüqar Əhməd fikrini yekunlaşdırıb. (AZƏRTAC)