25.04.2025, 16:37
AZ EN
08.01.2025, 16:03 416

Cəmşid Dərələyəzli: “Biz inanırıq ki, Prezident Qərbi Azərbaycanla bağlı qarşıya qoymuş olduğu sonrakı hədəflərə çatacaqdır”

XƏBƏRLƏR
  • Cəmşid Dərələyəzli 1958-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Ələyəz kəndində anadan olub. Orta ixtisas və ali təhsilini Bakıda alıb və Vətənə dönüb. Özünün dediyinə görə o dövrdə Bakıda təhsil alanlara ermənilər iş vermədiyi üçün çoxları Vətənə dönmürmüş. Bu da “mədəni deportasiya”nın bir növü idi- deyir.

Cəmşid Dərələyəzli ömrünün 30 ilini doğma yurdda ermənilərlə bir yerdə yaşayıb və onlarla daim mübarizə aparıb. 1988-ci ilin yayında əvvəlcə Şəmkirdə 6 ay, sonra Gəncədə məskunlaşıb. 1996-cı ildə isə Bakıya köçüb. Müəyyən vəzifələrdə çalışıb. Hal-hazırda isə “Avtoqarant-2018” MMC şirkətində hüquqşünas olaraq-hüquq şöbəsiin müdiri vəzifəsində çalışır.

O, ermənilərin keçmişi və bu günü barədə fikirlərini  Vetensesi.az-la bölüşüb. 

-Tarixən hər bir millətin zamansız qərarlarının sonu amansız olub. Nə yazıq ki, ermənilər bunu heç bir zaman anlamdılar və anlamdıqları üçün də yüz ilə qurduqları plan fiyaskoya uğradı, uğramağa da davam edəcək. Çünki, erməni xisləti və avantürası davam etdikcə, onlar daim bir millət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Baxmayaraq ki, indi onlar özlərinə havadarlar tapıblar və güya onlar erməniləri  qoruyacaq və xilas edəcək. Bu boş bir xəyaldır və onları qoruyub qollayanların amacı ermənilərə sahib çıxmaq deyil, əslində onların vasitəsi ilə yürütdükləri müstəqil siyasətlərdən  məmnun olmadıqları region dövlətlərinə və xüsusən də Azərbaycana qarşı çıxmaqdır. Bu da müyyən bir zaman davam edər, o da ki, həmin dövlətlərin çıxarları alınmayana kimi.

İndi gələk, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə Qarabağda qətliamlar törədən və mülki azərbaycanlılara qarşı amansız davranan “Yerkrapa” terrorçu qruplaşması qarşısında etdiyi çıxışına. Bu çıxış yeni nəsil Azərbaycanlılar üçün təəccüblü gələ bilər, amma 80-ci illərin və bir az da ondan öncəki nəsillərə, xüsusən də biz Qərbi azərbaycanlılara təccüblü gəlmədi. Ona görə təəccüblü gəlmədi ki, biz bunu həyatımızla yaşadıq və bütün burada söylənilənləri hələ o zaman bilirdik. Bilirdik və zaman-zaman da ermənilərin qurduqları yüz illik planın tərkib hissəsindən gerçəkləşdirdikləri addımlar barədə də,  hələ  o dövrdə Azərbaycan Mərkəzi Komitəsinə məktublar vasitəsi ilə çatdırılırdı. Təəssüf ki, yüz illik  planın aktiv fazaya keçdiyi mərhələdə Azərbaycana Kamran Bağırov, Əbdürəhman Vəzirov və Ayaz Mütəllimov  kimi səriştəsiz kadrlar rəhbərlik etdilər və onların fərsizliyi və Kremlə bağlılıqları onları erməni məsələsində kar və kor etdi. Nəticədə 300 minlik azərbaycanlılar Qərbi Azərbaycandan, bir milyondan çox insan Qarabağdan qaçqın və məcburi köçkün düşdü ki,  sonu da hər birimizə bəllidir.

Əslində Qərbi azərbaycanlıların 1988-ci il deportasiyası, ermənilərin yüz illik planının final mərhələsi idi. Hansı ki, ilkin mərhələsi 29 may 1920-ci ildə İrəvan mahalı və ona bitişik ərazilər ermənilərə dövlət olması üçün  veriləndən sonra başlamışdır və bu da bütün dünyanın, o cümlədən də Azərbaycanın gözü önündə baş verirdi. Sanki bu belə də olmalı idi. Ta o vaxta kimi ki, keçən əsrin 80-ci illərində, qeyd etdiyim kimi, ermənilər özlərinin yüz illik planlarının final mərhələsinə qədəm qoydular.  80-ci  illərin əvvəlindən başlayaraq öncə erməni nasist  ideoloqlarının türklərə qarşı yazdıqları əsərləri  açıq-açığına erməni ictimaiyyətinə  paylanmağa başlandı. Sonradan gizli toplantılar və fondlar yaradıb ianə (əslində bu ianələr yüz il boyu toplanıb, hətta o vaxt Azərbaycanda yaşayan ermənilərdən də belə)  toplamağı sürətləndirdilər. 80-cı illərin əvvəlində başladılar İravandan Gorus istiqamətində əsas yolu da  genişləndirməyə. Bunu da onunla əsaslandırırdılar ki, güya NATO qoşunlarını Ermənistanın Türkiyə tərəfindən sərhədinə yığıb ki, bu da təhlükə yarananda Sovet qoşunlarının Azərbaycandan Ermənistana daşınmasını asanlaşdırmaq üçündür. O yol ki, 80-ci ilin ortalarına kimi ermənilər o yolu Gorusa kimi tamamladılar və sonra da Gorusla Laçını qardaş elan  edib, Gorusla Laçın arasındakı yolu da  özləri asfaltladı. Artıq 1987-ci ilidə İrəvandan Xankəndinə kimi asfalt yol demək olar ki hazır idi.    Sonra  Sumqayıt hadisələrini törədib, oradan gənc qızları gətirib, Ermənistanın bölgələrində mitinqlər təşkil edib onların ayaqlarını qırmızı  qan rəngində boyayıb çıxardılar səhnəyə ki, baxın,  azərbaycanlılar qızlarımızı zorlayıblar, körpələrimizi şişə taxıblar, yandırıblar. Belə-belə kütləni alovlandırıb yönəltdilər Azərbaycan kəndlərinin üzərinə. O dövrdə Daşnakların təsiri ilə bütün iclaslara və həmin iclaslarda cızılan planlara da bir başa Ermənistan Mərkəzi Komitəsi və onların yerlərdəki Rayon Partiya Komitələrinin Birinci katibləri rəhbərlik edirdilər (buna şəxsən 1988-ci ilin may ayında özüm belə, Rayon Partiya Komitəsinin Birinci  katibinin otağında şahid olmuşam. Belə ki, divarda asılan xəritə üzərindən bunlar hər axşam  plan hazırlayırlar. O xəritə ki, onun üzərində o dövrdə yoğun fırça ilə qara rəngdə bir dairə cızılmışdı və o dairənin içərisində Qarabağ Kür çayına kimi, Naxçıvan da daxil, Türkiyənin Van və Sarıqamış vilayətləri, Gürcüstanın bir hissəsi qatılmışdır və ortasından da yazılmışdı “Velikaya Armeniya” və mitinqlərdə də birinci katib başda olmaqla, rayon rəhbərliyi öndə gedərdilər. Bununla paralel  təbii ki, həmin dövrdə də Qarabağda  ermənilərin “miyatsum”  mitinqləri alovlanmağa başlamışdı. O dövrdə dəfələrlə olanlar barədə Qərbi Azərbaycandan Azərbaycan Mərkəzi Komitəsinə müraciətlər edilsə də, adamlar göndərilsə də, təəssüf ki, heç bir reaksiya yox idi. Ta o zamana kimi ki, 1988-ci ilin səhv etmirəmsə, aprel ayında başda Azərbaycan Mərkəzi Komitəsindən Zeynalov (adını unutdum) və  Ali sovetin sədrinin birinci müavini Naim Fətəliyev olmaqla, bir heyət gəldi Ermənistana. Güya gəlmişdilər ki, əhalini sakitləşdirib köçlərinin qarşısını alsınlar. Amma nəticədə o oldu ki, Ermənistan Mərkəzi Komitəsinin nümayəndələrindən ayrılıb camaata dedilər ki, çalışın evlərinizi satın sonra köçün (hətta 1989-cu ildə Gəncədə məskunlaşanda şahid oldum ki, həmin o dövrdəki Azərbaycanın mankurt rəhbərliyi Kremlə xoş gəlsin deyə  Xankəndidə hüquq mühafizə və təhlükəsizlik orqanlarında işləyən qeyrətli vətən evladlarını da oradan işdən çıxarıb, yerlərini dəyişiblər Azərbaycanın başqa rayonlarına)  Onaların gedişindən sonra ermənilərin basqınları azərbaycanlıların yaşayış məntəqələrinə təzyiqləri daha da gücləndi və nəticədə də sona qalan 300 min azərbaycanlı əhali  son nəfərinə kimi deportasiya edilərək, Petrosyanın da dediyi kimi, Ermənistan türklərdən tamamilə təmizlənmiş oldu. Ona görə də bu məsələdə bəzən bəzi günahları özümüzdə də axtarmalıyıq ki, gələcəkdə bir də bu səhvlərə yol verməyək. Yaxşı ki, hazırkı mərhələdə Azərbaycan dövlətinin başında bütün bunları dərindən bilən və ermənilərə qarşı son dərəcə barışmaz və qətiyyətli mövqedə olan cənab İlham Əliyev durur. Biz inanırıq ki, Azərbaycan Prezidenti Ermənistanla bağlı qarşıya qoymuş olduğu sonrakı  hədəflərə çatacaqdır. Çünki, bunu zaman deyir. Çünki, bunu  bizim ermənilərlə bağlı tarixən səhv etmək barədə tükənmiş limitimiz deyir. Ona görə də, bütün bunlar həm də  deyir ki, gələcəkdə ermənilərlə sülh müqavilsəsi bağlansa da belə, bu millətlə məsafə saxla və güvənmə.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR