Sentyabrın 23-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində minaya düşərək həlak olan, "Xanı" ləqəbi ilə tanınan kəşfiyyatçı gizir Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Məlumatı şəhidin ailəsi və yaxınları təsdiqləyib.
Səyyaf Əhmədov uzun illər Silahlı Qüvvələrdə xidmət etmiş Gizir Xanı əfsanəvi kəşfiyyatçı, şəhid-polkovnik Raquf Orucovun ən yaxın silahdaşlarından idi. O, Birinci Qarabağ müharibəsi və qeyri-sabit atəşkəs dövründə döyüşçü yoldaşları ilə birlikdə kəşfiyyata yollanarkən dəfələrlə öz həyatını təhlükəyə ataraq əməliyyatın uğurla başa çatmasına nail olmuşdu. Məhz bu cür qəhrəmanlıqları sayəsində ulu öndər Heydər Əliyev onu iki dəfə təltif edib: döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və nümunəvi xidmətləri nəzərə alınaraq “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə.
Sonradan ordu sıralarından tərxis olunmuş Səyyaf Əhmədov 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. Onun həyatı və xidmət yolu Vətənə sədaqətin və fədakarlığın nümunəsidir.
Allah rəhmət eləsin.
Tahirə AĞAMİRZƏ