30.04.2024, 05:35
AZ EN
17.04.2024, 10:43 223

Vətən səni unutmayacaq

XƏBƏRLƏR
  • Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda şəhadətə ucalan igid oğullarımızdan biri də Rəhimov Asif  Həsrət oğludur. O, 1993-cü il aprelin 17-də Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olub. 2000-ci ildə Şəki rayon Çayqaraqoyunlu kənd tam orta məktəbinin birinci sinfinə daxil olub və 2011-ci ildə 11-ci sinifi bitirib.

Asif Rəhimov 2011-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında, "N" saylı hərbi hissədə Vətənə xidmət edib. 2013-cü ilin aprel ayında hərbi xidmətdən tərxis olunaraq mülki fəaliyyətinə davam edib. Hərb sənətinə böyük həvəsi olan Asif 2020-ci ilin yanvar ayından yenidən MAXE kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində Vətənə xidmətə başlamışdı.

Ordumuzun mərd əsgəri Asif Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. O, müharibə zamanı tuşlayıcı operator kimi Talış-Suqovuşan istiqamətində döyüş yolu keçib. İgid əsgər Asif Rəhimov 2020-ci il oktyabrın 3-də Talış Suqovuşan istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz dünyaya göz açdığı Şəkidə böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Asif Rəhimov ölümündən sonra ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü”, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəman şəhidimiz ailəli idi, onun Kənan və Yağmur adlı övladları Vətənə yadigar qalıb.

Vətən heç vaxt Sizin kimi oğulları unutmayacaq!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər