13.11.2024, 03:51
AZ EN
23.08.2023, 14:35 260

Bu gün hərb xadimi Cəmşid Naxçıvanskinin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın məşhur hərb xadimi, diviziya komandiri Cəmşid xan Cəfərquluxan oğlu Naxçıvanskinin doğum günüdür.

Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı Cəfərquluxan Naxçıvanskinin ailəsində dünyaya gəlib.

Cəmşid anası Fərrantac xanımın sayəsində yeddi yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdir.

C.Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olub və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.

1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir.  O, Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmişdir.

Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, II, III, IV dərəcəli Anna, II dərəcəli Stanislav ordenləri ilə təltif olunmuşdur.

Cəmşid Naxçıvancki 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuş,

 9 may 1917-ci ildə leytenant rütbəsinə, elə həmin il oktyabrın 30-da isə ştabs-rotmistr (qərargah kapitanı) rütbəsinə layiq görülmüşdür. Hərbi xadim daha sonra hərbi şücaətinə görə 1917-ci il 15 apreldə 3-cü dərəcəli Müqəddəs Anna ordeni, 22 avqustda isə 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə mükafatlandırılmışdır.

Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb.

O, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu, milli qoşun hissələri, Əlahiddə Korpusun tərkibində erməni-bolşevik hərbi birləşmələrinin Bakıdan çıxarılmasında və Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəsində inamla döyüşüb və II Qarabağ süvari alayının komandiri təyin edilib.

1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib.

1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra onun süvari alayı bolşeviklər tərəfinə keçib. Nəriman Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərib.

C.Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilib, yüksəkixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynayıb.

C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada Frunze Adına Ali Hərbi Akademiyanın qısamüddətli kurslarında oxuyub, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olub.

1922-29-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Hərbi bilik” jurnalının redaktorlarından biri olub. 1931-ci ildə C.Naxçıvanskinin həbs olunması haqqında 273 saylı order verilib və həmin orderin surəti hazırda Naxçıvan şəhərində yerləşən “Xan sarayı” muzeyindədir.

C.Naxçıvanski Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilib, 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılıb, üç il ümumi taktika kafedrasına rəhbərlik edib, akademiyada əsas fakültənin kurs rəisi olub. O, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunub.

XX əsrin 30-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi “casus təxribat dəstəsi” ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbəlixanla sıx əlaqə saxlamaqda təqsirləndirilərək repressiyaya məruz qalıb. Davudxan və Kəlbəlixan Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra rəsmi icazə alıb İrana getmiş, qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatmışdılar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər edərək, notalar verib. Nəticədə, Kəlbəlixan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılıb. Cəmşid Naxçıvanskinin Sovet Ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah iki qardaşı güllələtdirib.

Fəhlə-Kəndli Qızıl Ordusunda kütləvi repressiyaların başladığı bir dövrdə C.Naxçıvanski 20 may 1938-ci ildə antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edilib. 26 avqust 1938-ci ildə Lefortovo zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edilib.

O, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edilib və elə həmin gün güllələnib. C.Naxçıvanski Moskvadan 26 km aralıda, Kaluqa şosesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş bağ evində, “Kommunarka” adlanan gizli obyekt adı ilə tanınan, Stalin repressiyasının bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olunub.

C.Naxçıvanski Azərbaycan Sovet Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi. O, “Qırmızı Bayraq”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” ordenləri ilə təltif edilib.

1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət alıb. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər