08.02.2026, 17:06
AZ EN
12.12.2025, 09:50 230

Bu gün şəhid Sadiq Əsgərovun doğum günüdür

XƏBƏRLƏR
  • Sadiqin atası Birinci Qarabağ Müharibəsinin veteranıdır. İndi atası onun da yarımçıq qalmış arzularını gerçəkləşdirən oğlu ilə qürur duyur. Deyir ki, ata-ana üçün övlad itkisi çox çətindi. Sadiq də gənc idi, subay idi, arzuları vardı. Bizim yeganə təsəllimiz övladımızın şərəfli ölümüdür. Şəhidlər isə ölmür, onların adı həmişə Vətənlə birgə çəkilir...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Sadiq Elbəyi oğlu Əsgərovun doğum günüdür. O, 12 dekabr 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olub. 2003-2014-cü illərdə Yevlax rayon Nemətabad kənd tam orta məktəbində təhsil alıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. 2020-ci ildən əsgər olduğu hərbi hissədə müddətdən artıq həqiqi hərbi qulluqçusu kimi Vətənə xidmətə başlamışdı.

Azərbaycan Ordusunun əsgəri olan Sadiq Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mexanik-sürücü kimi iştirak edib.

Sadiq Əsgərov Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, 29 sentyabr 2020-ci ildə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla Yevlax şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sadiq Əsgərov ölümündən sonra "Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər