Bazar çay (Bərguşad), Həkəri çay, Oxçu çay (Çaundur çay), Bəsit çay, Meğri çay. Bu çaylardan ən irisi və əhəmiyyətlisi Bazarçaydır (Bərgüşad). Bazarçayın üzərində 4 su elektrik stansiyası, 5 iri süni göl (dəryaça) yaradılmışdır. Bazarçay öz mənbəyini Zəngəzur və Şərur-Dərələyəz dağ silsiləsindən götürür. Axarı boyu yüzlərlə bulaq və çeşməni (Əyri çay, Zor-zor, Qara su, Ulu çay, Uz çay, şlizin çay, Gorus çay və s.) özünə qataraq dar, daşlı-qayalı yatağı ilə indiki Sisyan və Gorus rayonlarının demək olar ki, bütün uzunluğunu keçərək Gorus və Qubadlı rayonları ərazisində (Tatev kilsəsinin yaxınlığında) təbii daş tuneldən keçərək (bu tunelə el arasında "şeytan körpüsü" deyirlər) Qubadlı rayonunun Balahəsənli kəndinə burulur, bu ərazidən başlayaraq Bərguşad adı altında axaraq, Qaralar kəndinin cənubunda Həkəri çayı ilə birləşir və Həkəri adı ilə Araza tökülür. Ümumi uzunluğu 179 km olan Bazarçayın adı X-XI əsrlərdən bu bölgədə məskunlaşan türk mənşəli Bazar tayfasının adı ilə bağlıdır.
Həkəri çayı - Hacısamlı dərəsində şəlvə çayın və Hocazsu çayın birləşməsindən yaranır. Həkərinin hər iki mənbəyi öz başlanğıcını Mıxtökən silsiləsindən, dəniz səviyyəsindən 2580 m hündürlükdən götürür. Öz axarı boyunca Hoçaz çayı və Zabux çayını qəbul edərək zənginləşir, Bərguşad çayı ilə birləşdikdən sonra, Araza tökülür. Bəzi gümanlara görə, "Həkəri" sözü kürd dilli Həkəri tayfasının adı ilə bağlıdır. Məşhur Sarı aşığın qəbri Həkəri çayının sağ sahilində, onun sevgilisi Yaxşının qəbri isə sol sahilindədir.
Çaundur çayı - öz mənbəyini Qapıcıq dağının zirvələrindən götürür. Oxçu dərəsi və Süsən dağın vadisi boyunca axaraq Mincivan yaxınlığında Araza tökülür. Oxçu dərəsi axarında Oxçu çay, Qatar, Qavarat və Qalizur mis mədənlərinin yanından keçərkən isə Mədən çay adlanır. Böyük qolları Gığı çay və Əcənan çaydır. Hal-hazırda Oxçu çayı olduqca artıq çirklənmişdir. Qafan mis zavodlarının bütün çirkab suları, ağır metallar və ola bilsin ki, radioaktiv maddələr ermənilər tərəfindən bilərəkdən (Araz hövzəsini çirkləndirmək məqsədilə) Çaundur çaya axıdılır. Çaundur sözünün mənası çox güman ki, bu ərazilərdə XII əsrdən başlayaraq, məskunlaşan çavındır türklərinin (səlcuqlar) adı ilə bağlıdır. Bəsit çay - Zəngilan rayonu ərazisindədir. Bartaz yaylasından başlayaraq axarı boyunca şixovuz, şükrətaz, Sobusu çaylarını özünə birləşdirir. Baharlı kəndindən keçərkən Baharlı, Rəzdərə kəndində isə Rəzdərə çay adlanır.
Meğri çayı - Oxçu və Meğri dərələrini ayıran Cibənd dağ silsiləsindən başlayır, Lehvaz dərəsindən keçərək Meğri çökəyinə, oradan isə Araz çayına tökülür: Vartanizor çay, Lehvaz çay, Lişk çay kimi qolları vardır. Zəngəzurun su hövzələri şəffaflığı, duruluğu və iti axarı ilə seçilir. Bu çaylarda dağ çaylarına məxsus çoxdadlı və ləzzətli forel, bığlı balıq, göy balıq, daban balığı, Həkəri və Bərguşadın bol sularında isə iri qızıl balıq (losos) olur.
Hazırladı: Tahirə AĞAMİRZƏ