Bu gün haqqında söhbət açdığımız qiymətli su yataqları Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsiləsi arasında yerləşən Alagöllər qrupudur. Qrupun ən böyüyü və ən dərini – Böyük Alagöldür. Göllər vulkan püskürmələri və çayların qarşısının kəsilməsi nəticəsində meydana gəlib.
Böyük Alagöl dəniz səviyyəsindən 2729 metr yüksəklikdə yerləşir, sahəsi 510 hektar, uzunluğu 3670 metr, maksimal dərinliyi 9,4 metrdir. Böyük Alagölün hövzəsində yay vaxtı quruyan göllər də daxil olmaqla 30-dək göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl, Cilligöl və Dikpilləkən gölüdür. Gölün səthi noyabrın əvvəlindən aprelin sonunadək qalınlığı bir metrədək buzla örtülür. İyun-avqust aylarında suyun temperaturu 14-15 dərəcə olur.
Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azadçaydır. Kəlbəcərin ikinci ən böyük gölü olan Kiçik Alagöl isə Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km2, uzunluğu 2000 metr, maksimal dərinliyi 4 metr olan gölün çox hissəsi susevən bitkilərlə örtülüdür. Suyu Böyük Alagölə tökülür. Gölün əsas suyunu bir neçə kiçik çayın suları təşkil edir və suyunun artmasında yeraltı sular müəyyən rol oynayır. Yay aylarında gölün suyunun səthində temperatur 14-16 dərəcədən yüksək olmur. Suyu hidrokarbonatlı-kalsiumludur. Oktyabrın axırlarından mayın əvvəllərinə qədər gölün səthi buzla örtülü olur.
Hazırladı: Mina RƏŞİD