Zərnişan Camalova Kəlbəcər rayonunun Milli kəndində doğulmuşdu. 1993-cü ilin 2 aprelində Kəlbəcərin işğalı zamanı yüzlərlə sakin kimi o da erməni faşistlərinin əlinə keçməmək üçün qaçmağa üz tutdu. Qaçıb canını qurtarmaq istəyənlərin yolu Qamışlı körpüsünə yönəlmişdi. Lakin bu ümid dolu yolun sonunda erməni silahlıları insanları əsir götürür, xüsusilə qadınlara qarşı təhqiramiz davranışlar edirdilər.
Zərnişan Camalova düşmənin qadınlara əl qaldırdığını, onların bədəninə toxunduğunu gördükdə, bu alçaldıcı mənzərəyə dözmədi. Öz namusunu qorumaq, düşmənin çirkin niyyətinə alət olmamaq üçün böyük cəsarətlə özünü Tərtər çayına atdı və şəhid oldu. Bu, bir qadının qürur və ismət uğrunda verdiyi ən yüksək qurban idi...
Zərnişan Camalovanın faciəsi təkcə bir ailənin yox, bütöv bir xalqın yaddaşına həkk olunmuş qəhrəmanlıq nümunəsidir. Onun adı ismətin, qeyrətin və şəhidliyin simvolu kimi yaşamalı və gənc nəsillərə örnək olaraq çatdırılmalıdır.
Tahirə AĞAMİRZƏ