O, döyüşkənliyi ilə düşməni qorxuya salan igidlərimizdən biri olub. Hələ uşaq yaşlarından hərbçi olacağına, Birinci Qarabağ müharibəsinin şəhidi əmisi Süleyman Ələkbərovun və Xocalının qisasını alacağına söz vermişdi. Xudafərin körpüsünün, Füzuli, Qubadlı, Hadrud, Cəbrayıl və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Dövlət Sərhəd Xidmətinin giziri Məhəmmədəli Ələkbərov Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur.
44 günlük Vətən müharibəsinin ilk günlərindən Zəngilana qədər döyüşə-döyüşə gedən Məhəmmədəli Ələkbərov özünü həm mənəvi, həm də fiziki cəhətdən bu savaşa çoxdan hazırlamışdı. O, ermənilərin bir neçə polkovnikini, əlbəyaxa döyüşlərdə isə bıçaqla, tapanca ilə onlarla erməni hərbçisini məhv edib. Atası deyir ki, nəsildə hərbiçilərin olması Məhəmmədəlinin təlim-tərbiyəsinə, vətənpərvər böyüməsinə olduqca böyük təsir etmişdi. Düşmənə qarşı qisas hissi ilə böyümüşü. Sentyabrın 27-də başlayan Vətən müharibəsi sanki ona qazandığı bilk və bacarığını nümayiş etdirmək üçün bir meydan oldu.
Məhəmmədəli Cəbrayıl və Füzuli istiqamətində bir sıra yaşayış məntəqələrimizin azad olunması uğrunda qəəhrəmancasına vuruşub, döyüş yoldaşlarını mühasirədən çıxarıb.Oktyabrın 19-da Zəngilan şəhərinin azad olunması əməliyyatlarında düşmən postlarının ələ keçirilməsində xüsusilə fərqlənib. Anası Təranə Ələkbərova deyir ki, hansı əraziləri azad edirdilərsə, bizə xəbər verirdi ki, ana, bizdən narahat olmayın, hər şey yaxşıdı, siz özünüzə fikir verin, uşaqlara fikir verin. Onun ən böyük arzusuydu bütün işğal olunmuş torpaqlarımızı azad etmək. Şükür ki, o, öz arzusuna çatdı. Təranə xanım sonra əlavə edir ki, Məhəmmədəli qızını da hərbçi görmək arzusundaydı, deyirdi ki, mənim qızım hərbçi olacaq.
Gizir Məhəmmədəli Ələkbərov oktyabrın 21-də bir gün əvvəl işğaldan azad olunmuş Zəngilan şəhərinində düşmənin əks-hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib. Döyüşlərdə göstərdiyi şücaətə görə gizirimiz ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
30 yaşında şəhadətə ucalan qəhrəmanımız Poylu qəsəbəsində dənf edilib.
Ailəli idi, iki qızı Vətənə əmanət qalıb.
Allahdan şəhidimizə rəhmət diləyirik.
Tahirə AĞAMİRZƏ