Oktyabrın 18-də Gəncədə keçirilən Zəfər forumunun iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, Şəhidlər abidəsinin önünə əklil qoyub, qəhrəman Vətən övladlarının xatirəsini anıblar.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani regionlarda keçirilən Zəfər forumları barədə iştirakçılara qısa məlumat verib. Bildirib ki, ilk forum oktyabrın 17-də Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Məktəb-Lisey Kompleksində keçirilib. Növbəti foruma isə Nizami yurdu Gəncə ev sahibliyi edir.
Sonra Forum iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.
Daha sonra Gəncə Dövlət Filarmoniyasında Zəfər forumu işə başlayıb. Forumda 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etməsindən, Xalq-Ordu-Rəhbər birliyindən, Qələbənin qazanılmasında böyük rol oynayan gənc nəslin qəhrəmanlığından, vətənpərvərliyindən bəhs olunur.