21.06.2025, 15:41
AZ EN
21.06.2025, 09:40 375

Cənnətdəki doğum günün mübarək, Həsən...

XƏBƏRLƏR
  • Həsənin anası xəstə idi, oğlundan xəbər almayınca ağrıları daha da artırdı, bəzən 10-15 gün oğlundan nigaran qalan ana arzulayırdı ki, kaş balamın bircə dəfə səsini eşidəydim... Elə bu arzuyla da dünyasını dəyişdi... Anasının ölümündən 9 gün sonra Həsənin şəhidlik xəbəri gəldi...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Abdullayev Həsən Qərib oğlunun doğum günüdür. O, 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda doğulub. 2001-ci ildə Daşkəsən rayon S.Vurğun adına 4 nömrəli tam orta məktəbə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdu. Karate-do idman növü ilə məşğul olub.
Həsən Abdullayev 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsindən həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etmişdir.

8 sentyabr 2020-ci il tarixindən MAXE hərbi qulluqçu kimi fəaliyyətə başlamış, daha sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində iştirak etmişdir.

6 noyabr 2020-ci ildə Şuşa şəhərinin Daşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz  12 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Həsən Qərib oğlu Abdullayev ölümündən sonra "Vətən uğrunda",  "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər