10.10.2025, 22:46
AZ EN
30.09.2025, 17:28 129

“Acımız sevdamız qədərdir – möhtərəm Yavuz Bülənd Bakülərə duamdır...”

XƏBƏRLƏR
  • “Bilirsiniz ki, Qarabağdan, Ağdamdan olan və Türkiyədə yaşayan böyük şairimiz, böyük alimimiz, böyük insanımız Yavuz Bülənd Bakülər bu günlərdə Allahın rəhmətinə qovuşdu. İstəyirəm onun necə böyük şəxsiyyət olduğunu, vətənpərvərliyini, Azərbaycanı necə sevdiyini göstərmək üçün bir xatirəni paylaşım”.

Bu sözləri öz FB səhifəsində paylaşan ictimai xadim Siracəddin Hacı söyləyir ki, Yavuz Bülənd Bakülər bir vaxt Bakıya gəlmişdi və biz onunla konfransa getmişdik. Elə oldu ki, biz qatarla bir neçə saat Şəkiyə getməli olduq. Böyük şairimiz Xəlil Rza Ulutürk, Yavuz Bülənd Bakülər və mən qatarda bir otaqda getdik. Onlar bir-birini çox sevirdilər. Bir neçə saat yolboyu gözəl söhbət etdilər, şeirlər söylədilər, güldülər, ağladılar...

Azərbaycana və Türkiyəyə böyük sevgilərini ifadə etdilər. Bakülər gözyaşları içində bir xatirəsini paylaşdı. Dedi ki, o vaxtlar sovetlər dönəmində Azərbaycana gəlmişdim. Onda Türkiyədən Azərbaycana birbaşa qatar gəlmirdi, Moskvadan gəlirdik. Atam bir vəsiyyət eləmişdi. Demişdi ki, nə vaxt Azərbaycana getsən Ağdamdan bir ovuc torpaq gətirib mənim məzarımın üstünə səpərsən. Mən də gələndə Ağdama getmək istəsəm də, icazə verilmədi. Ona görə də böyük şairimiz Bəxtiyar Vahabzadədən xahiş etmişdi ki, ona bir ovuc Ağdam torpağı gətirsin. O torpağı Moskvada rus kəşfiyyatı Türkiyəyə aparmağa ona icazə verməmişdi. Onda Yavuz Bülənd Bakülər gözyaşlarını saxlaya bilməyib. Bunu danışanda da Xəlil Rza ilə birlikdə ikisi də ağladı...           

Sonra Yavuz bəy dedi ki, möhtərəm Xəlil bəy, müstəqilliyi olmamaq bax belə bir şeydi, öz torpağından atanın məzarına bir ovuc aparmağa ixtiyarın yoxdu.

Azərbaycan ürəyimdə bir şah damardır,

Mən Yaqub kimiyəm uzun yıllardır,

Onda Yusufun qoxusu vardır.

Və həsrəti könlümdə,

Böyük Türküstan qədərdir...

Siracəddin Hacı söyləyir ki, möhtərəm şair, fikir adamı Yavuz Bülənd Bakülər bax bu cür duyğularla, Vətən sevgisi ilə belə möhtəşəm misralar, əsərlər meydana gətirdi... Allah ondan razı olsun. Allah o dünyada onu ən sevdiyi, umduğu gözəl nemətlərlə mükafatlandırsın.

Mina RƏŞİD

Oxşar xəbərlər