25.10.2025, 04:04
AZ EN
24.10.2025, 17:09 128

8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

XƏBƏRLƏR
  •  Bu gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində Cəbrayıl rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Mərkəzi Kitabxanasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin qoyduğu dövlətçilik təməlləri tarixi Zəfərimizin sütunu oldu” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Vasif Quliyev, mədəniyyət işçiləri, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin müdafiəsi naminə canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə təkcə 44 günün deyil, illərlə formalaşdırılan müdrik siyasətin nəticəsidir. Bu zəfərin təməli 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulub. O dövrdə ölkənin qarşılaşdığı xaos və parçalanma təhlükəsi şəraitində Ümummilli Liderin həyata keçirdiyi uğurlu islahatlar müstəqil dövlətçiliyin əsaslarını qoruyub saxlamaqla bərabər, uzunmüddətli strateji hədəfləri də müəyyən etdi. Zəfərə aparan yolun ilk və ən həlledici mərhələsi məhz bu dönəmə təsadüf edir.
1990-cı ilin əvvəlində Azərbaycan ağır sınaq dövrünü yaşayırdı. Həmin dövrdə bədnam qonşularımızın sayəsində ərazi bütövlüyümüz pozulmuş, ordu zəifləmiş, ölkədə siyasi böhran və anarxiya hökm sürürdü. Məhz belə bir dövrdə yenidən hakimiyyətə qayıdan dahi rəhbər Heydər Əliyev dövlətçilik ənənələrini bərpa etdi, ölkədə sabitlik təmin olundu, gələcək uğurlar üçün zəruri əsaslar formalaşdırıldı, vahid və peşəkar ordu quruculuğunun əsası qoyuldu. İllərlə möhkəmlənən Ordu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də əks-hücuma keçərək düşməni sarsıtdı, 30 ilə yaxın davam edən həsrətə 44 gün ərzində son qoydu və nəticədə 2020-ci il noyabrın 8-də Vətən müharibəsi Azərbaycan Ordusunun Böyük Zəfəri ilə başa çatdı. Beləliklə də Ümummilli Lider Heydər Əliyevin illərlə formalaşdırdığı dövlətçilik strategiyası nəticəsində tarixi Zəfərə imza atıldı.
2025-ci il noyabrın 8-də xalqımız tarixi Zəfərimizin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edəcək. Beş il əvvəl - 2020-ci ilin məhz bu günü Qarabağın incisi olan Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Ermənistan ordusu tam məğlubiyyətə uğradı. Bu gün Azərbaycan təkcə Zəfərini qeyd etmir, həm də böyük Zəfərin arxasında dayanan ideoloji və siyasi irsi xatırlayır, Ümummilli Lider Heydər Əliyevin qoyduğu dövlətçilik təməllərinin məhz bu tarixi Zəfərin sütunu olduğunu unutmur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər