24.04.2025, 03:12
AZ EN
17.10.2022, 16:25 479

Gəncə terrorunun qurbanlarına həsr edilən kitab təqdim edilib

XƏBƏRLƏR

Bu günlərdə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi cərçivəsində tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının “Pıçıltı” kitabının təqdimatı olub. Təqdimat “Təhsil” nəşriyyatı, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Sultan” cizgi filmi studiyasının tərəfdaşlığı ilə keçirilib.

Kitabın ideya müəllifi və naşiri Tural Axundov, rəyçisi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Elnarə Akimova, redaktoru “Çinar-çap” nəşriyyatının direktoru Bəhram Orucludur.

Təqdimatda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Sultan” studiyasında çəkilmiş “Pıçıltı” filminin tanıtım çarxı və 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin “Çiçəyim” uşaq teatrının azyaşlı aktyorlarının ifasında səhnələşdirilmiş “Pıçıltı” kompozisiyası nümayiş olunub.

“Təhsil” nəşriyyatının direktoru Tural Axundov “Pıçıltı” kitabının 2020-ci ilin Vətən müharibəsi gedişində Gəncə şəhərində Ermənistanın törətdiyi terror hadisəsinə həsr olunmuş ilk və mükəmməl bədii nümunə olduğunu nəzərə çatdırıb: “Belə bir kitabın hasilə gəlməsinə həm də övladlarım səbəb oldu. Bir dəfə onlar mənə “terror nədir” deyə sual verəndə cavab verməyə çətinlik çəkmişdim. Bu kitabda Sevinc xanım həmin suala təfərrüatlı cavab verib”.

Müəllif Sevinc Nuruqızı bildirib ki, Gəncə terrorunun günahsız qurbanları olan uşaqlara ithaf etdiyi kitab terrora “yox” deyənlərin haqq səsidir. Kitabın adı barədə danışan S.Nuruqızı deyib ki, əsərdə hadisələr heyvanların, oyuncaqların pıçıltısı əsasında qələmə alınıb: “Biz gündəlik həyatımızda onların səsini, pıçıltısını eşitməsək, duymasaq da, onların insanlığın törətdiyi vəhşiliklərə etiraz səsi mütləq var...”.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova S.Nuruqızının bütün əsərlərində uşaq dünyasına dair əhəmiyyətli məqamların əksini tapdığını vurğulayıb.  

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova bildirib ki, S.Nuruqızının yazıçı kimi ən mühüm xüsusiyyəti onun milli təəssübkeşliyidir: “O, hər zaman cəmiyyətdə baş verən proseslərin bədii mətnə gətirilməsinə çalışır, bunu operativ və çevik şəkildə reallaşdırır. Amma bu çeviklik ona mövzu ilə bağlı manipulyasiya eləməyə imkan vermir, Sevinc xanım meydana qoyduğu əsəri peşəkar səviyyədə yazır. Bu da onun uşaq ədəbiyyatı yaratmaq missiyasını aydın dərk etməsinə bağlı məsələdir”.

Mina RƏŞİD

Oxşar xəbərlər