Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Sabir Firdovsi oğlu Yusubovun doğum günüdür. O, 6 oktyabr 1990-cı ildə Göygöl rayonu Topalhəsənli kəndində anadan olub. 1998-ci ildə Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilib. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
Sabir Firdovsi oğlu Yusubov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü iştirak edib.
İgid döyüşçü Füzuli rayonu istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sabir Firdovsi oğlu Yusubov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə yadigar qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrman şəhidim!
Mina RƏŞİD