Bu gün Vətən Müharibəsi qəhrəmanlarından biri, şəhid İzzət Rövşən oğlu Həmidovun doğum günüdür. O, 2000-ci il fevralın 28-də Sumqayıtda anadan olub. Anası Vəfa xanım onu və iki qardaşını əziyyətlə, təkbaşına böyüdüb. Anası deyir ki, ikinci oğlum Elvin əsgərliyə getdi. İzzətin böyrəyində kista, ayağında reno xəstəliyi olduğu üçün onu hərbi xidmətə aparmadılar. Amma İzzət bununla barışmadı. Hərbi geyimdə Vətənə xidmət İzzətin ən böyük arzusu idi. O, arzusuna çatmaq üçün hər addımı atdı. Birincisi, səhhətilə bağlı ona verilən müavinətdən imtina etdi. Sonra güclə anasının razılığını aldı və Hərbi Komissarlığa yollandı. Nə qədər etiraz eləsələr də, istəyindən geri dönmədi. "Baxın, mən sizdən sağlamam", - dedi. Nəhayət İzzəti hərbi xidmətə çağırdılar.
Çağırış vərəqəsi əlində sevinə-sevinə gəldi ki, "Ana, mən gedirəm".
Hərbi xidmətə Ağcabədidə Haramı düzündən başladı. Bir ili tamam oldu. İzzət bircə dəfə də olsun şikayətlənmədi. Sonra 44 günlük Vətən Müharibəsi başladı. Anasına xəbər verdi ki, mən manqa komandiri seçilmişəm. Onu da tapşırdı ki, səhhəti ilə bağlı onu heç kəsə tapşırmasınlar. Öz istəyi ilə Füzuliyə ön cəbhəyə yollandı.
İzzətin komandiri deyir ki, o düşmənin bütün koordinantlarını tuturdu. Çox qorxmaz, mərd oğlandı. Təxəllüsü də "nigeriyalı" idi. Qaraşın olduğu üçün ona "nigeriyalı" deyirdilər. Sonradan gələn könüllülərə İzzət təlim keçirdi. Topçu kimi də, hara lazım idisə birinci özünü önə atırdı.
Manqa komandiri İzzət Həmidov 2020-ci il oktyabrın 9-da Füzuli döyüşləri zamanı qəhrəmanlıqla şəhid oldu. Düşmənin minamiyot zərbəsi zamanı qəlpə İzzətin şah damarından tutub.
İzzət şəhid olacağını sanki əvvəlcədən hiss edirmiş. Dostlarına deyirmiş ki, mən şəhid olacam...
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
İzzət Vətən uğrunda şəhadətə ucalanda cəmi 20 yaşı vardı. Amma o bir tarix yazdı. Azərbaycanın Zəfər salnaməsinə öz qanıyla imzasını əbədi olaraq həkk elədi.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, fədakar oğlan, igid döyüşçü, “Azərbaycan bayrağı” ordenli İzzət balamız!
Mina RƏŞİD