09.10.2025, 19:50
AZ EN
29.09.2025, 08:50 248

Şəhid olacağı Mirhəmidin ürəyinə dammışdı...

XƏBƏRLƏR
  • Anası deyir ki, Mirhəmiddən heç vaxt inciməyib. Müəllimi uşaq vaxtı ondan elə danışırdı ki, sanki yaşı çox idi. Olduqca cəld idi, ona görə də iki qardaşı idmana özləri apardılar və dedilər ki, məşqlərin pulunu biri üçün ödəyin. Mirhəmid 21 sentyabrda getdi, gedəndə dedi ki, mən şəhid olacam. Müharibənin başladığı günü yuxusunda görmüşdü. Mirhəmid cəbhədən daha çox qardaşı ilə danışırdı. Deyirdi, anamgilə söyləmə. Oktyabrın 21-də şəhid olacağı ürəyinə damıbmış. Anasına zəng vurub ondan halallıq istəmək arzusunu dilə gətirib. Amma döyüş yoldaşı buna mane olub. Deyib ki, ananın ürəyini yerindən oynatma... İndi anasının yeganə təsəllisi odur ki, övladı Vətən uğrunda canından keçib və bundan sonra analar onun kimi gözüyaşlı qalmayacaq...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Mirhəmid Qasımlının doğum günüdü. O, 29 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. Əslən Xızı rayonundan idi. 2012-ci ildə 240 nömrəli orta məktəbi bitirib. Mirhəmid Qasımlı 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Mirhəmid Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonları istiqamətində döyüşüb.

Mirhəmid Qasımlı 2020-ci il oktyabrın 21-də Füzuli uğrunda döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb. Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mirhəmid Qasımlı ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər