Bu gün suverenliyi tam bərpa olunmuş Azərbaycan prezident seçkilərinin astanasındadır. Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla bütün ərazilərimizdə seçkilər keçiriləcək. İşğaldan azad olunmuş Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocalı, Xocavənd və Xankəndi ərazisində seçki mıntəqələri yaradılıb. Həmin məntəqələrdə 22 minə yaxın seçici qeydə alınıb. Addım-addım gerçəkləşən Böyük Qayıdış missiyasının sorağı tezliklə Xocavənddən də duyulacaq. Böyük Qayıdış Proqramı çərçivəsinsə 70 minə yaxın insanın 2026-cı ilədək Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarına köçü nəzərdə tutulub. Abadlıq, quruculuq işlərinin nəticəsi olaraq, vətəndaşlarımızın geri dönüş imkanlarının yaranması isə insanlarımız arasında böyük ruh yüksəkliyi yaradır.
Xocavənd 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayonun azərbaycanlılar yaşayan 10 kəndində yaşayış evləri, səhiyyə, təhsil müəssisəsi, məktəbəqədər tərbiyə ocağı, mədəniyyət obyekti, körpü, su anbarı talan edilərək dağıdılıb. Maddi-mənəvi ziyanla bərabər rayonun bitki və meşə örtüyünə də külli miqdarda zərər dəyib. Xocavəndin 1202 hektar meşə sahəsindəki qiymətli ağac növləri məhv edilib.4 ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər qaradağlı şəhid olub. 110 kənd sakini girov götürülüb. Onların 49 nəfəri amansızlıqla qətlə yetirilib.
Qaradağlı kənd sakini, Aidə Tağıyeva:
-Qaynatam, atam, bacımın həyat yoldaşı da girov düşüb. Onları kamaza yığıb aparıblar. Bəylik bulağı deyilən yerdə 10 nəfər düşüb, mənim yoldaşım da düşüb, o, özündə gizlin qumbara saxlayıb, erməninin düşün, deməsi ilə qumbaranı erməninin üstünə atıb, bir neçə nəfər erməni ölüb, özü isə şəhid olub.
Xocavənd sakinləri bu gün qələbə sevinci yaşayır. Uzun illər yurd həsrətiylə yaşayan xocavəndlilərin ən böyük arzusu doğma yurdlarına dönməkdir.
Xocavənd sakini, Cavay Hüseynov:
-Oranı unutmaq mümkün deyil. Dizin-dizin sürünüb o qəbirləri öpərəm. Mən orda doğulmuşam. Hal-hazırda 63 yaşım var. İndiyə kimi doğma yurdumun həsrətiylə yaşamışam. Deyirəm, ay Allah, mənə ömür ver, gedim o torpaqlarımızı görüm, sonra ölüm. Kaş oranın mənzərəsini görə biləydim, görəydim nə vəziyyətdədir.
Artıq Qarabağ əzəli sahiblərindədir. Mərhələli şəkildə torpaqların sakinləri abad, işıqlı yurdlarına qayıdır. Torpaqlarımızın işğaldan azad olunmasına necə sevinmişdiksə, bütöv və müstəqillik naminə ölkəmizin gələcəyi üçün birləşməliyik.
Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkəmizin taleyini müəyyənləşdirəcək. Hər bir vətəndaş bilməlidir ki, tariximizə və taleyimizə yön vermək öz əllərimizdədir.
Hazırladı: Tahirə AĞAMİRZƏ